18 may 2023
Dünən gənc gimnastlarımızın iki bürünc medalı ilə yadda qalan bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir.
Hollivud ab-havasında dizayn olunmuş Milli Gimnastika Arenasının səhnəsində bu gün böyükyaşlı fərdi gimnastlar xalça üzərində parlaq çıxışları ilə göz qamaşdırıblar.
Gimnastikanın ən zərif növünün təmsilçiləri halqa və topla çıxışlarını nümayiş etdiriblər. Azərbaycan gimnastları Zöhrə Ağamirova və İlona Zeynalova hər iki alətlə kompozisiyalarını təqdim ediblər.
Zöhrə Ağamirova top (32.550) və halqa (32.150 xal) ilə hərəkətlərin icrasında finala vəsiqə əldə edib. Gimnastımız təsnifat mərhələsində topla 5-ci, halqa ilə isə 6-cı olub.
Qeyd edək ki, Zöhrə mayın 21-də keçiriləcək ayrı-ayrı alətlər üzrə final mərhələsində mübarizəyə qoşulacaq.
Sabah qitə çempionatında gimnastlar fərdi təsnifat proqramında gürzlər və lentlə çıxışlarını nümayiş etdirəcəklər.