18 may 2023
Mayın 17-də Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimini izləyib.
Əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.
Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər.
Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.
Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib.
Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib.
Yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır.
Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır.
İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.
Daha sonra tanınmış müğənni Vaqif Nağıyev və xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Ulduz kimi parla” ("Shine like a star") şüarı altında keçirilən yarışın açılış mərasimində ölkəmizdə fəaliyyət göstərən gimnastika növlərini təmsil edən gimnastların ifasında Hollivud ab-havasında möhtəşəm şou proqram təqdim olunub.
Tədbirin xüsusi qonağı olan müğənni Hissin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sevindirici haldır ki, yarışın ilk günü gənc gimnastlarımız bizə medal sevinci yaşadıblar.
Gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450 xal) və 5 topla hərəkətlərin icrasında (29.000 xal) bürünc medala layiq görülüblər. Qeyd edək ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq gənc təmsilçilərimiz qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olublar.
Təmsilçilərimiz 5 iplə hərəkətlərin icrasında 28,500 xalla çempionatı dördüncü pillədə başa vurublar.
Qitə çempionatı çərçivəsində yerli təşkilat komitəsinin gənclər arasında qrup komandaları üçün nəzərdə tutulan “Tamaşaçı rəğbəti” nominasiyası üzrə xüsusi mükafatı təqdim olunub.
Bu mükafata yarışın ilk günü tamaşaçılar arasında keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan komandası layiq görülüb.