15 iyun 2024
Milli Gimnastika Arenasında 14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib. İştirakçılar arasında şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud və qan xəstəliklərindən əziyyət çəkən azyaşlılar da yer alıb. Rəsmi açılış mərasimindən sonra sağlamlıq imkanları məhdud olan uşaqlar işarə dilində himnimizi ifa ediblər. Həmçinin iştirakçılar üçün arenada ekskursiya təşkil olunub. “Sağlam olaq-Donor olaq” şüarı altında baş tutan tədbir Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi tərəfindən təşkil edilib.
Qeyd edək ki, mərkəzin başlıca məqsədi Azərbaycan Respublikasının dövlət orqanlarında, özəl sektorlarda qanvermə aksiyalarının təşkilinə, Azərbaycanda qan donorluğu mədəniyyətinin yüksək səviyyədə formalaşmasına, həmçinin irsi qan xəstəliyi, qohum evliliyi haqqında gənclər arasında təbliğat və təşviqatın həyata keçirilməsinə xidmət edərək Bakı və regionlarda bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinə dəstək verməkdir.
“Sağlam olaq-Donor olaq” şüarı altında baş tutan tədbir də daxil olmaqla yuxarıda sadalanan məqsədlər üzrə təşkil edilən tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.