13 iyul 2009
Azərbaycan gimnastlarının Belqrad Universiadasında əldə etdiyi ən yüksək nəticə Anna Qurbanovanın qazandığı 7-ci yer olmuşdur.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, yarışların son günü ayrı-ayrı finallar keçirilmişdir. Qurbanova finalda halqa ilə çıxış etmiş və hakimlərdən 25.85 bal alaraq 7-ci yeri tutmuşdur.
Ölkəmizin ikinci gimnastı Aliyə Qarayeva digər alətlə - topla çıxış etmişdir. O, 25.35 balla ilk səkkizliyi qapamışdır.
Dörd növün yekununda isə Qurbanova 100.675 bal yığmış və 35 gimnast arasında 9-cu yeri əldə etmişdir.
Qarayeva isə 99.2 balla yarışı 12-ci bitirmişdir. Yarışların mütləq qalibi Pekin Olimpiya çempionu, hamını açıq-aşkar qabaqlayan rusiyalı Yevgeniya Kanayeva olmuşdur.
Gimnastlarımız Universiadadan birbaşa 17-19 iyul tarixlərində Kaosyunq (Tayvan) şəhərində keçiriləcək Dünya Oyunlarına yollanmışlar. Daha sonra onlara Minskdə təlim-məşq toplanışını başa vuran qadın akrobatika cütlüyü (Ayla Əhmədova / Dilarə Sultanova) qoşulacaq. Onların yarışı 20-22 iyul tarixinə planlaşdırılıb.