14 avqust 2022
Avqustun 14-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası və bədii gimnastika yarışlarının final mərhələləri keçirilib.
Bədii gimnastika üzrə fərdi proqramda qüvvəsini sınayan Zöhrə Ağamirova lent və gürzlərlə qızıl, halqa ilə gümüş, topla hərəkətlərin icrasında bürünc medal qazanıb.
Oyunlarda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzə qrup hərəkətləri komandamız 3 lent və 2 topla qızıl, 5 halqa ilə hərəkətlərin icrasında isə gümüş medal əldə edib.
Final mərhələsində fərdi proqramda mübarizə aparan təmsilçimiz İlona Zeynalova gürzlərlə 4-cü, lentlə hərəkətlərin icrasında 6-cı olub. Komandamızın digər üzvü Alina Gözəlova topla 4-cü, halqa ilə hərəkətlərin icrasında 7-ci pillədə qərarlaşıb.
Bununla da bədii gimnastika üzrə yığma komandamızın üzvləri V İslam Həmrəyliyi Oyunlarını 8 medalla (5 qızıl, 2 gümüş, 1 bürünc) başa vurublar.
Oyunlarda aerobika gimnastikası üzrə təmsilçilərimiz də uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, fərdi proqramda mübarizə aparan gimnastlarımız Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb. Vladimir və Mədinə qarışıq cütlük proqramında bütün rəqiblərini üstələyərək çempion olublar. Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında ikinci pillədə qərarlaşıblar. Bu növ üzrə komandamızın üzvləri Oyunları 5 medalla (2 qızıl, 3 gümüş) başa vurublar. Ümumilikdə isə Azərbaycan gimnastlarının V İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 17-yə (8 qızıl, 7 gümüş, 2 bürünc) çatıb.
Məlumat üçün bildirək ki, oyunlar çərçivəsində avqustun 17-18-də qadın idman gimnastlarımız mübarizəyə qoşulacaqlar.