07 oktyabr 2017
Bu gün - 7 oktyabr Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün əlamətdar bir gündür. Məhz 15 il əvvəl təsis konfransında hazırda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın AGF-yə prezident seçilməsi ilə rəsmi olaraq federasiyanın yenidən qurulması təsdiqləndi. Həmin gündən etibarən Azərbaycanda gimnastikanın inkişafı başlandı. Bunu başqa sözlə, müstəqil Azərbaycanda gimnastikanın dirçəlişi də adlandırmaq olar.
Son 3 ildə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən fəaliyyəti ilə fərqlənən və mükafata layiq görülən federasiyalar siyahısına daxil olan AGF, yenidən qurulma dövrünün ilk illərində gimnastikanın 3 növünün inkişafı ilə məşğul idi. 2013-cü ilin sonlarından etibarən isə AGF-nin fəaliyyəti FIG tərəfindən tanınan 7 gimnastika növünü əhatə edir.
Bu 15 il ərzində ölkədə gimnastikanın inkişafı əsas etibarilə dinamikliyi, əhalinin gimnastika növlərinə kütləvi cəlb olunması istiqamətində görülən işlər, dünya gimnastika ictimaiyyətində möhkəm mövqenin əldə edilməsi, eləcə də bütün başlanğıclarda qətiyyət və inamla xarakterizə olunur.
Azərbaycan gimnastlarının Avropa və Dünya Çempionatlarında mükafatlar əldə etməsi, idmançıların Olimpiya Oyunlarında iştirakı, Bakıda UEG (Avropa Gimnastika İttifaqı) və FIG-nin irimiqyaslı yarışlarının təşkili, bu strukturların rəhbər orqanlarına AGF nümayəndələrinin seçilməsi, 2002-ci ildə gimnastikanın dirçəlişindən bu günə qədər olan effektiv strategiyanın həyata keçirilməsinin nəticəsidir.
Gimnastikanın bütün 6 yarış növündə ixtisaslaşan və 2014-cü ildə istifadəyə verildiyi gündən Bakıda keçirilən irimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası (MGA) öz unikallığı ilə ölkəmizə yalnız təlim-məşq toplanışına məmnuniyyətlə gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan bütün idman həvəskarlarının diqqətini cəlb edir.
AGF-nin kollektivi adından başda onun prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün gimnastika ictimaiyyətini federasiyanın Yubileyi münasibətilə təbrik edir, 15 illik uğurlu fəaliyyətə səbəb olan yüksək idarəçilik bacarığı, göstərdiyi diqqət və dəstəyə görə Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Yubileyimiz Mübarək!