04 avqust 2018
2 avqust tarixində Qlazqonun (Böyük Britaniya) SSE Hydro arenasında qadın idman gimnastikası üzrə həm gənc, həm də böyük gimnastlar arasında Avropa Çempionatı start götürüb.
35 ölkədən 137 gimnastın iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri də yer alıb.
Təəssüflər olsun ki, gimnastlarımızdan Marina Nekrasova və Mariya Smirnova çıxışları zamanı zədə aldıqlarından bütün alətlər üzrə proqramlarını tam yerinə yetirə bilməyiblər. Digər gimnastımız Yulia İnşına isə hər 4 alətdə çıxış edib və ən yaxşı nəticəsini dayaqlı tullanmada göstərərək, 21-ci olub (12.816 xal).
Ölkəmiz Avropa birinciliyinin qadınlar arasında gənclər proqramında da təmsil olunub. Azərbaycanda bu idman növünün son 4 ildir inkişaf etdirilməsinə baxmayaraq, artıq gənc gimnastımız da bu qəbildən olan yarışda öz gücünü sınayıb. Belə ki, iştirakçımız Samirə Qəhrəmanova hər 4 alətdə özünə inamla proqramını icra edərək, çoxnövçülükdə 82 gimnast arasında 62-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, 9-12 avqust tarixlərində Avropa Çempionatının kişilər arasındakı mübarizəsi başlayacaq. Böyüklər arasında ölkəmizi Murad Ağarzayev, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər arasında isə Ramin Dəmirov, Cavidan Babayev, Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Rüstəm Əhməd təmsil edəcəklər.