İdman

gimnastikadan

başlayır

Yarış və tədbirlərlə zəngin həftə

29 aprel 2024

Yarış və tədbirlərlə zəngin həftə

Bədii gimnastika üzrə millimizin üzvləri ötən həftə eyni zaman aralığında 3 fərqli beynəlxalq yarışda ölkəmizi təmsil edərək ümumilikdə 10 medalla vətənə qayıdıblar. 
Belə ki, 27-28 aprel tarixlərində bədii gimnastika üzrə Serbiyanın Belqrad şəhərində keçirilən “Ritam Cup” adlı beynəlxalq yarışda böyük fərdi gimnast İlona Zeynalova və gənc fərdi gimnastlar Sofiya Məmmədova, Nəzrin Abdullayeva bədii gimnastika üzrə milli yığmamızın tərkibində çıxış ediblər. Sofiya Məmmədova çoxnövçülük (108,550) proqramı üzrə gümüş, halqa (29,500) və topla (27,850) 2 bürünc, İlona Zeynalova isə çoxnövçülük (118,350) üzrə və halqa ilə (29,650) nümayiş etdirdiyi performansına görə 2 bürünc medala layiq görülüb. Millimizin iki üzvü ümumi hesabla ölkəmizə 5 medal qazandırıb.
Daha bir sevindirici xəbər isə 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Bolqarıstanın Burqas şəhərində keçirilmiş “Prize of Julieta Shishmanova” adlı beynəlxalq yarışda iştirak edən milli yığmamızın üzvlərindən gəlib. Millimizin üç üzvü yarışda ümumi hesabla 5 bürünc medal qazanaraq komanda hesabında 3-cü yerə layiq görülüb. Gənc fərdi gimnastlar halqa proqramında Ayan Sadıqova, çoxnövçülük, gürzlər və topla çıxışda Səkinəxanım İsmayılzadə, lentlə hərəkətlərdə isə Dəniz Əsgərova mübarizə aparıb.
Müxtəlif beynəlxalq yarışlarla bərabər Dünya kubokunda da ölkəmiz təmsil olunub. 26-28 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş bədii gimnastika üzrə Dünya kubokunda böyük fərdi gimnastlar Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış ediblər. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Alina Məmmədova topla çıxışında 30,300 xal toplayaraq göstərib.
Yarışlarla zəngin olan belə bir həftədə “Gimnastika hamı üçün” növü üzrə millimizin üzvləri Gürcüstanda təşkil olunan “Tbilisi Gymnaestrada” tədbirində iştirak ediblər. “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi Ruslan Eyvazov, xoreoqraf Samirə Quliyeva, gimnast və məşqçi Aygül Babaşova, həmçinin gimnast və məşqçi Ləman Zeynalzadə ölkəmizi təmsil ediblər. Bütün iştirakçı komandaların medalla təltif olunduğu bu tədbirdə millimiz də qızıl medallarla mükafatlandırılıb. 
Həmçinin İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutmuş “Gənc liderlərin forumu”nda Ləman Göyüşova iştirak edərək federasiyamızı təmsil edib. Tədbirdə gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Forumun keçirilməsinin əsas məqsədi iştirakçıların forumda əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə yardımçı olmaqdır.