İdman

gimnastikadan

başlayır

Yüksələn üçrəngli bayrağımız, səslənən himnimiz və qürur hissi

15 aprel 2023

Yüksələn üçrəngli bayrağımız, səslənən himnimiz və qürur hissi

Dünən paytaxtımızda start götürən “AGF Trophy” beynəlxalq turniri davam edir. 
Yarışın ikinci günündə fərdi proqramda çoxnövçülük yarışları başa çatıb. Bugünkü yarışda gənclər və böyüklər gürzlərlə və lentlə bacarıqlarını nümayiş etdiriblər.
Yarış gimnastlarımızın uğurlu çıxışları ilə yadda qalıb. Təmsilçilərimiz 2 qızıl, 3 gümüş medala sahib çıxıblar. 
Ölkəmizin aktivinə ilk medalı komanda hesabında ikinci olan gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə qazandırıblar. 
Təmsilçilərimiz gümüş medala layiq görülərək yarışın ilk mükafatçıları sırasında yer alıblar. Böyüklər arasında çoxnövçülük yarışlarında Zöhrə Ağamirova bütün rəqiblərini üstələyib. Alina Gözəlova isə ikinci olub. Alina və Zöhrə komanda hesabında birinci pillədə qərarlaşıblar. 
Böyüklərdən ibarət qrup hərəkətləri komandamız üç lent və iki topla proqramını nümayiş etdirib. 
Sabah hər iki yaş qrupu üzrə fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək. 
Böyüklər arasında fərdi proqramda təcrübəli gimnastlarımız Zöhrə Ağamirova bütün alətlər üzrə finalda mübarizə aparacaq. Həlledici mərhələdə digər gimnastlarımız Alina Gözəlova lent və halqa, Leyli Ağazadə isə gürzlərlə çıxış edəcək. 
Gənclər arasında fərdi proqramda Nuray Əhmədzadə halqa, lent, Şəms Ağahüseynova və  Sofiya Məmmədova top, Nəzrin Abdullayeva isə gürzlər proqramında ölkəmizi təmsil edəcək. 
Gənclərdən ibarət qrup hərəkətləri komandamız 5 top və 5 ip, böyüklərdən ibarət qrup yığmamız isə 5 halqa və 3 lent, 2 top proqramında çıxış edəcək. 
14 ölkədən 119 gimnastın iştirakı ilə ölkəmizdə 3-cü dəfə keçirilən “AGF Trophy” beynəlxalq turnirində ölkəmizi ümumilikdə 38 gimnast təmsil edir.  
Yarışa sabah yekun vurulacaq.