İdman

gimnastikadan

başlayır

ZEYNƏB CAVADLI XORVATİYADA İKİNCİDİR, ŞAKİR ŞIXƏLİYEV İSƏ İKİQAT ÖLKƏ ÇEMPİONUDUR

01 dekabr 2008

ZEYNƏB CAVADLI XORVATİYADA İKİNCİDİR, ŞAKİR ŞIXƏLİYEV İSƏ İKİQAT ÖLKƏ ÇEMPİONUDUR

Azərbaycan gimnastı Zeynəb Cavadlı Xorvatiyada keçirilən beynəlxalq turnirdə gümüş medal əldə etmişdir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, 17 yaşlı bakılı idmançı ip, halqa, gürzlər və lentlə çıxışlarının cəmində 63.635 xal toplayaraq ikinci yeri tutmuşdur. Qalib adını rusiyalı Vera Sesina, “bürünc”ü xorvatiyalı Anna Mariya Zjelimorski əldə etmişlər.

- Əgər yarışların proqramında ayrı-ayrı növlərdə də finallar nəzərdə tutulsaydı, mən ən azı iki dəfə fəxri kürsüyə qalxa bilərdim – Zaqrebdə Pleso hava limanının gözləmə otağında Zeynəb təəssüflə qeyd etmişdir. - Amma bu o demək deyil ki, mən öz yeganə mükafatımla razı deyiləm – xeyr! Zaqrebdəki turnir bu il mənim üçün son turnir idi, və mən ili major notda başa vururam.

Xatırladaq ki, bu yaxınlarda Tokioda klublararası dünya çempionatında bürünc mükafatçı olmuş, Bratislava Qran-prisinin final yarışlarında 5-ci yeri tutmuşdur.

Gələn həftəsonu Azərbaycan gimnastlarını İtaliya klub çempionatının A1 seriyasında final turu gözləyir. Dekabrın 6-sı Folinyo şəhərində Aliyə Qarayeva “Ardor” klubunun, Anna Qurbanova isə “Komense-1872” klubunun şərəfini qoruyacaqlar.

Bu arada, Bakıda idman gimnastikası üzrə 15-ci Azərbaycan çempionatı keçirilmişdir. Bu yarışda paytaxt idman cəmiyyətlərinin, həmçinin Sumqayıt və Balakən klublarının təmsilçiləri iştirak etmişlər.

İkinci il dalbadal ustalar arasında Azərbaycan çempionu adına Şakir Şıxəliyev layiq görülür. Çoxnövçülükdə o, 43.6 xal toplamışdır. Elvin Ağadədəyev ondan təqribən 6 xal, çempionun qardaşı Faiq Şıxəliyev isə 10 xal geri qalmışlar.

İdman ustalığına namizədlər arasında 48.2 xal qazanmış Ruslan Balakişiyev yenidən ən yaxşı olmuşdur. “Gümüş” Yevgeni Samarkinə (41.9), “bürünc” Uğur Xəlilbəyliyə (41.3) çatmışdır.

Birinci dərəcəli gimnastlar arasında Anar Əlihəsənov 42.6 xalla birinci, Altay Əhədov ikinci (42.5), İlqar Əhmədli üçüncü (42.4) olmuşlar.