İdman

gimnastikadan

başlayır

Jalə Piriyeva Marina Durundanı üstələyərək Azərbaycan Çempionu oldu

14 may 2016

Jalə Piriyeva Marina Durundanı üstələyərək Azərbaycan Çempionu oldu

Bədii Gimnastika üzrə yığma komandanın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq Azərbaycan Çempionu titulunu qazandı.

Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Jalə, mayın 13-də çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görüldü. Marina Durunda 72.900 xalla yarışların gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medalına sahib oldu.

Yarışların ilk günündə, həmçinin gənclər öz aralarında çoxnövçülükdə mükafatçıları müəyyən etdilər. Zöhrə Ağamirova rəqiblərini qabaqlayaraq qalib, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü oldular.

Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı yarışları ilə birgə keçirilən Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin müəyyən yaş qrupları üzrə artıq qalibləri bəlli oldu. Mayın 12-də keçirilmiş tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırıldılar. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazandılar.

Mayın 13-də, batut gimnastikası üzrə yarışlarda isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə apardılar. Böyüklər yaş kateqoriyasında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan Çempionu titulunu qazandı. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdülər.

Yarışların son günü – 14 mayda isə tamaşaçılar bədii gimnastların gənclər yaş qrupunda ip, halqa, top və gürzlərlə final çıxışlarını, həmçinin böyüklər, yeniyetmələr və kiçiklər yaş kateqoriyasında qadınların, uşaqlar yaş qrupunda isə kişilərin batut üzərində mübarizəsini izləyə biləcəklər.

Üç günlük yarışlar gimnastların rəngarəng çıxışlarından ibarət Qala–konsertlə yekunlaşacaq.

Yarışların nəticələri haqqında məlumatları Azərbaycan Gimnastika Federasiyasının  rəsmi saytından (http://agf.az/) əldə edə bilərsiniz.