İdman

gimnastikadan

başlayır

Zöhrə Ağamirova XXXI Ümumdünya Yay Universiadasında 2 gümüş, 1 bürünc medal qazandı

31 iyul 2023

Zöhrə Ağamirova XXXI Ümumdünya Yay Universiadasında 2 gümüş, 1 bürünc medal qazandı

İyulun 28-də Çinin Çenqdu şəhərində start götürən XXXI Ümumdünya Yay Universiadasında bu gün bədii gimnastika üzrə yarışlara yekun vurulub.
Halqa, gürz və lentlə üç finala vəsiqəni təmin edən təcrübəli gimnastımız Zöhrə Ağamirova Azərbaycan yığma komandasının aktivinə 3 medal (2 gümüş, 1 bürünc) yazdırıb. Bu il ölkəmizdə keçirilən Avropa çempionatının bürünc mükafatını qazanan Zöhrə halqa ilə hərəkətlərin icrasında 31.800 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib. İdmançımız həmçinin gürzlərlə  finalda da hakimlərdən 30.850 xal toplayaraq gümüş medal əldə edib. Zöhrənin lentlə final çıxışı isə ona bürünc medal (29.150 xal) qazandırıb.
Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında 2 gümüş medala sahib (gürzlər, çoxnövçülük) çıxmışdı.
Məlumat üçün bildirək ki, Universiada çərçivəsində gimnastika yarışları davam edir. Belə ki, 1-5 avqust tarixlərində idman gimnastikası üzrə keçiriləcək yarışlarda ölkəmizi Nikita Simonov və İvan Tixonov təmsil edəcəklər.