28 fevral 2025
Bakıda keçiriləcək “İdman gimnastikası üzrə Dünya kuboku” bu Olimpiya idman növünün nümayəndələri üçün əsl sınaq olacaq. Azərbaycan bu turnirdə həm təcrübəli, həm də gənc idmançılarla təmsil olunacaq. Nikita Simonov və İvan Tixonov beynəlxalq arenada geniş təcrübəyə malikdirlər. Avropa çempionatının gümüş mükafatçısı Simonovun Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kuboku mərhələsində halqalar üzrə proqramda qazandığı gümüş medal bunun bariz sübutudur.
Martın 6-dan 9-dək Milli Gimnastika Arenasında 37 ölkənin idmançıları öz bacarıqlarını nümayiş etdirəcəklər. Turnirdə idman gimnastikası üzrə dünya ulduzları da iştirak edəcək. Onların arasında 2023-cü ildə Belçikanın Antverpen şəhərində keçirilən Dünya çempionatının bürünc mükafatçısı Milad Kərimi də var. Qazaxıstanlı gimnast bu il Kotbusda keçirilən Dünya kubokunda da sərbəst hərəkətlər proqramı üzrə qızıl medal qazanıb.
Amerikalı Stiven Nedorozikdən də böyük gözləntilər var. O, 2024-cü ilin Yay Olimpiya Oyunlarında komanda çoxnövçülüyü və dəstəli at üzərində hərəkətlərdə ikiqat bürünc mükafatçısı, həmçinin 2021-ci ilin Dünya çempionudur.
Bakıda əfsanəvi və çox təcrübəli Olimpiya çempionu Oksana Çusovitina da çıxış edəcək. 49 yaşında olan və artıq Ginnesin Rekordlar Kitabına düşən özbəkistanlı gimnast Almaniyanın Kotbus şəhərində keçirilən yarışda bürünc medal qazanıb.
Bir sözlə, bizi yüksək rəqabətli bir turnir gözləyir. Bizə isə bu mübarizədən zövq almaq və idmançılarımıza dəstək olmaq qalır. Qoy, güclü olan qalib gəlsin!