01 mart 2024
Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu Dmitriy Poliaruş tərəfindən Milli Gimnastika Arenasında yığma komanda və klub məşqçiləri üçün ustad dərsləri keçirilib. Daha sonar belaruslu mütəxəssis təəssüüratlarını bölüşüb.
- Azərbaycana xoş gəlmisiniz. Paytaxtımızda rəhbərliyiniz altında keçirilən batut gimnastikası üzrə ustad dərsləri barədə ətraflı məlumat verərdiniz.
-Bu, Azərbaycana ilk səfərim deyil. Demək olar ki, buraya səfərim artıq ənənə halını alıb. Mən Azərbaycana hər il gəlirəm. Bu məni çox sevindirir. Adətən, hakimlik və məşqçilik kursları ilə bağlı səfər edirdim. Hazırda isə ustad dərsləri keçmək üçün buradayam. Dərslərdə həm məşqçilər, həm də uşaqlar eyni vaxtda işləmək imkanı əldə edirlər. Ustad dərslərində Azərbaycanın müxtəlif klublarından 30-dan çox uşaq iştirak etdi və onlar məndə xoş təəssürat oyatdı. Uşaqlar çalışır, sözə qulaq asır və verilən tələbləri yerinə yetirirdilər. Onlarda nəsə alınmadıqda, səhvləri üzərində işləyərək istəklərinə nail olmağa çalışırdılar. Məşqçilik kurslarına gəlincə, onlar bütün məşqlərdə iştirak etdilər. Məşqçilər çoxlu suallar verərək, tapşırıqları uşaqlarla birgə icra etməyə çalışırdılar. Hakimlik qaydalarının öyrənilməsi ilə əlaqədar məşqçilərə məlumat vermək imkanımız da oldu.
- Peşəkar mütəxəssis kimi, batut gimnastikasının dünyada inkişafı ilə bağlı fikrilərinizi bilmək istərdik.
- Dünyada batut gimnastikasının səviyyəsi çox yüksəkdir. Deyə bilərəm ki, rəqabət, xüsusən də, kişilər arasında daha çoxdur. Bunu açıq şəkildə görmək mümkündür. Bunu ölkələrin, iştirakçıların say çoxluğundan, gimnastların yüksək çətinliyə malik elementləri icra etmələrindən görmək mümkündür. Bütün bunlar həm də bu növdə yeni qurğuların və yeni alətlərin olması ilə əlaqədardır. Bu növ Olimpiya Oyunlarının proqramında yer aldığı üçün çox inkişaf edir. Gimnastlar lisenziya qazanmaq arzusundadırlar. Batut gimnastikasında buna nail olmaq çox çətindir. Kişilər və qadınlar arasında ümumilikdə 16 lisenziya mövcuddur. Əlbəttə, ölkələr Olimpiya Oyunlarında təmsil olunmağa çalışırlar. Deyərdim ki, lisenziya qazanmaq uğrunda gərgin mübarizə gedir. Sözsüz ki, bu, batut gimnastikasının dünyada inkişafına kömək edir, çünki hər kəs Olimpiya Oyunlarında iştirak etməyə can atır.
- Azərbaycanda batut gimnastikasının inkişafını necə qiymətləndirirsiniz?
- Son on ildə, batut gimnastikasının Azərbaycanda inkişaf etməyə başladığı 2013-2014-cü ildən etibarən böyük işlər görülüb. Artıq 10 ildən çoxdur ki, bu inkişaf prosesi davam edir. Azərbaycan idmançılarının çıxışları məni sevindirir. Hətta Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı da var. Lisenziya qazanılarsa, bu, Azərbaycanın batut gimnastikası tarixində ilk olacaq. Çoxlu sayda uşaq bu növlə məşğul olur, eləcə də gənc məşqçilər yetişir. Bildiyimə görə, regionlarda batut gimnastikası üzrə bölmələr fəaliyyət göstərir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda batut gimnastikasının inkişafı təkcə paytaxda deyil, hətta bölgələrdə də aparılır. Bunun nəticəsidir ki, idmançılar inkişaf edir və yüksək nəticələr göstərirlər.
- Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istərdik.
Azərbaycanda dəfələrlə olmuşam. Deyə bilərəm ki, burada özümü evdəki kimi hiss edirəm. Hər zaman olduğu kimi, insanlar mehriban, qonaqpərvər və səmimidirlər. Yeməklər dadlıdır. Burada məni çox yaxşı qarşılayırlar. Buna görə də Azərbaycana məmnuniyyətlə gəlirəm.