29 avqust 2013
- Mən və mənim həmkarım, ittifaqın direktoru Kirsi Erofejeff-İnqman artıq üç gündür ki, Bakıdayıq və səfərin məqsədi isə burada 2014 Avropa və 2015 Avropa Oyunlarının keçirilməsini müzakirə etməkdir. Avro 2014-ün vacibliyi ondan ibarətdir ki, o Avropa Oyunlarını qabaqlayır.
- Harada olmağa imkan tapmısınız?
- Biz yarışların keçiriləcəyi, tikilməkdə olan Milli Gimnastika Arenasına baxdıq. Və bilirsiniz ki, çox razı qaldıq. Bu möhtəşəm obyektdir! Adətən böyük yarışlar zamanı ixtisaslaşdırılmayan zalları icarəyə götürürük. Burada isə hər şey gimnastlara daha rahat olması üçün düşünülüb. Həmçinin Olimpiya kəndi də yaxşı yerdədir, o, arenanın yaxınlığındadır. Yeri gəlmişkən, görülən işlərin sürəti və keyfiyyəti yaxşı mənada məni heyrətləndirdi. Mən daha əvvəl 2007-ci və 2009-cu illərdə Bakıda keçirilən Avropa çempionatlarında olmuşam. Onlar əla təşkil olunmuşdular, lakin düşünürəm ki, yeni arenada yarışlar daha yaxşı keçiriləcək.
Avropa Oyunlarına gəldikdə isə biz nazir Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslərlə görüşmüşük. Həmçinin gələcək Olimpiya kəndinə səfər etdik. Orada biz yüksək səviyyəli binalar gördük.
Azərbaycan Gimnastika Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə işini gördükdə mən anlaya bilmirəm ki, Avropa Oyunlarının keçirilməsinin səviyyəsi necə aşağı ola bilər?! Hesab edirəm ki, bu Avropa Oyunlarında bizdə hər şey yaxşı olacaq. Əvvəlcədən danışmağı sevməsəm də Avropa Oyunlarında gimnastika üzrə yarışların yüksək səviyyədə keçməsi üçün biz istənilən köməkliyi göstərəcəyik. Mən arzu edirəm ki, Azərbaycan gimnastları qarşıdakı yarışlarda medallar qazansınlar. Çünki sizin ölkəniz gimnastikanın inkişafı istiqamətində çox aktiv şəkildə işlər görür. Pisi isə budur ki, Azərbaycandan sonra yarışları keçirəcək ölkə üçün son dərəcə çətin olacaq. Çünki Bakı tərəfindən qoyulan səviyyəyə uyğun olmaq üçün çoxlu səy göstərmək lazım gələcək (gülür).
- Avropa Oyunlarında gimnastikanın hansı növlərinin təqdim ediləcəyi artıq məlumdurmu?
- Avropa Oyunlarında iştirakçılar idman gimnastikası (kişilər və qadınlar), bədii gimnastika, o cümlədən, batut üzrə tullanma yarışlarında mübarizə aparacaqlar. Proqrama idman aerobikası və akrobatika gimnastikasının daxil ediləcəyi istisna edilmir. Sonuncu iki növ Olimpiya oyunlarının proqramına daxil deyil, lakin onlar şou kimi cəlbedicidir və tamaşaçılara maraqlı gələ bilər. Biz gimnastikanın qeyri-olimpiya növlərini inkişaf etdirməkdə maraqlıyıq.
Ümumilikdə, Bakıda keçiriləcək Avropa Oyunlarında gimnastika növlərində 442 idmançı iştirak edəcək. Formatın müzakirəsi aparılır. Lakin hesab edirəm ki, Bakıda Avropanın təxminən 40 ölkəsi təmsil olunacaq.
- Deyə bilərikmi ki, Bakıda gələn il keçiriləcək Avropa çempionatı 2015-ci il Avropa Oyunlarında bədii gimnastika üzrə yarışlara lisenziya olacaq?
- 2014-cü il Avropa çempionatı Avropa Oyunlarına lisenziya xarakteri daşıya bilər, bunun üçün ilkin şərtlər var.
- Sizcə, Azərbaycanda gimnastikanın digər idman növləri üzrə Avropa çempionatları keçirilə bilər?
- Azərbaycan Gimnastika Federasiyasının malik olduğu potensialla sizin ölkəniz gimnastikanın istənilən növü üzrə yarışlar keçirməyə qadirdir, misal üçün, idman gimnastikasını göstərmək olar. İndiyə qədər Azərbaycan bədii gimnastika üzrə birincilikləri qəbul edib, lakin sizin ölkə idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi üçün də ərizə verə bilər. Bunun üçün bütün imkanlar var və yalnız federasiyanın istəməsi kifayətdir.
- Son zamanlar bədii gimnastikanın Olimpiya proqramından çıxarılacağına dair şayiələr güclənir. Siz bu barədə nə düşünürsünüz?
- Düzünü desəm, mən hələ bədii gimnastikanın Olimpiya proqramından çıxarılması barədə eşitməmişəm. Təbii ki, bu aqibətin güləşə toxunacağını da az adam düşünürdü, lakin mən düşünürəm ki, ən zövqlü növ kimi biz Olimpiya siyahısında olacağıq.