23 oktyabr 2013
Nelli Kim dünya idman gimnastikasının canlı əfsanəsidir. Beşqat Olimpiya çempionu (Monreal və Moskva Olimpiadaları) olan Kim dünya çempionatlarında 5 dəfə, Avropa birinciliklərində isə 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, digər böyük turnirlərdə qələbələr qazanıb. O, dünya idmançıları arasında ilk dəfə olaraq yeni elementlərdən istifadə etməklə Olimpiya Oyunlarında təkanla tullanmanı və sərbəst hərəkəti yerinə yetirərək həmin vaxt ən yüksək sayılan 10 bal toplayıb.
Tacikistanda anadan olmuş Kim təbiətcə şən insandır. Vaxtilə SSRİ-nin heyətində çıxış etmiş gimnast indi ABŞ-da yaşayır. Nəhayət, o Beynəlxalq Federasiyanın tərkibində Qadın idman gimnastikası üzrə Texniki Komitə adlı ciddi bir təşkilata rəhbərlik edir.
Nelli Kim bu günlərdə Bakıda olub və Azərbaycanda qadın idman gimnastikasının inkişafı ilə bağlı öz fikrilərini bölüşüb.
- Bakıya gəlişinizin əsas məqsədi nədir?
- Mən Bakıya Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə gəlmişəm. Biz son bir neçə il ərzində sıx işləyirik və idmanın inkişafı məqsədi ilə ölkənizdə həyata keçirilən layihələr və planlar barədə məlumatım var. Amma, necə deyərlər, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır. Bura gəlməyimin və hər şeyi öz gözümlə görməyimin vaxtı çatmışdı. Burada gördüklərim məni heyrətləndirdi, düzünü desəm, belə inkişaf gözləmirdim. Söhbət təkcə gimnastikadan deyil, həm də ümumilikdə idman sahəsində aparılan tikinti işlərinin tempindən, sıçrayışlardan gedir. İdmançıların çıxış və məşq edəcəkləri böyük arena insanı valeh edir.
Bundan başqa, dəyişən şəhəri tanımadım, Bakını yenidən özüm üçün kəşf etdim. Əlbəttə ki, müəyyən dəyişikliklərin olacağını gözləyirdim, çünki axırıncı dəfə Bakıda 8 il əvvəl olmuşdum. Lakın bura gələrək paytaxtın daha da dəyişməsindən yaxşı mənada təəccübləndim. Ümid edirəm ki, gələcəkdə də hər şey bu tempdə tikilməkdə və inkişaf etməkdə davam edəcək.
Ümumiyyətlə, dövlət düşünəndə ki, idman və incəsənət yüksəkdə olmalıdır, bu, ölkə haqqında çox şeydən xəbər verir. Hesab edirəm ki, Azərbaycan keçmiş sovet məkanında ən mütərəqqi ölkələrdən biridir. Üstəlik, görürəm ki, burada idmana maraq böyükdür və bu maraq artmaqda davam edir. Bundan əlavə, idmanın bazası var ki, bu da ölkədə bu sahəni inkişaf etdirməyə və beynəlxalq arenada yüksək nəticələr qazanmağa imkan verir.
- Bəs Sizə yaxın mövzudan - Azərbaycanda gimnastikanın inkişafından danışsaq?
- Sizin bədii gimnastika üzrə yığmanızın uğurları hər şeydən xəbər verir. Komanda dünya elitasında qərarlaşıb və idmançılar beynəlxalq arenalarda yaxşı təsir bağışlayırlar. İdman gimnastikası, xüsusilə, qadın gimnastikasına gəlincə, bu sahə dirçəliş mərhələsindədir. Lakin tezliklə açılacaq kompleks bu məsələdə vəziyyəti xeyli yaxşılaşdıra bilər, çünki gözəl gimnastika zalı istifadəyə veriləcək. Zalda hazırlaşmaq və müxtəlif elementləri təkmilləşdirmək mümkün olacaq. Əsaslardan başlamaq lazımdır, burada məşqçi və hakim kurslarının keçirilməsi özünəməxsus dönüş nöqtəsi ola bilər. Axı idman gimnastikası olduqca çətin idman növüdür. Bu idman növündə hətta tapşırığı ardıcıllıqla yerinə yetirmədikdə belə, xal itirmək mümkündür. Mən hələ kompozisiyaların düzgün qurulmasını demirəm.
- Gələcək idmançıların tərbiyəsinə nədən başlamaq olar?
- Hesab edirəm ki, gimnastikanı məktəb proqramına daxil etmək lazımdır. Çünki bu, əsasların əsasıdır, gələcək peşəkar idmançılar üçün təməldir. Bu, ilk növbədə, sağlam həyat tərzi, öz bədən quruluşunu bilməkdir. Məktəbdə gimnastikanın tədrisi gözəl olardı, bu halda məşqçilər uşaqların seksiyalara seçimini həyata keçirə bilərdilər. Mənim özümün idmana gedən yolum necə olub ki? Mən sadə riyaziyyatı qavraya bilmirdim, üçüncü sinifdə isə məşqçi məni gimnastika ilə məşğul olmaq üçün seçdi. Məhz bu məqam həyatımın dönüş nöqtəsinə çevrildi.
- Gimnastı yetişdirmək üçün neçə il tələb olunur?
- Fikrimcə, 6-7 il. Hər şey yaşdan, qabiliyyətdən, baza hazırlığından asılıdır. İdmançıları artıq 13-14 yaşlarında yeniyetmələr arasında Avropa birinciliyinə göndərmək olar. Əlbəttə ki, azyaşlının perspektivli idmançıya çevrilməsinə dair vahid düstur yoxdur. Burada yekun nəticəyə təsir edə biləcək bir çox amillər var.
- Bakıda məşqçi və hakim seminarlarını nə vaxt keçirməyi planlaşdırırsınız?
- Güman edirəm ki, bunu yanvardan gec etməmək lazımdır. Çünki sonra yarış mövsümü başlayır. Turnirlərin sayı çoxdur, təqvim olduqca sıxdır, üstəlik, qarşıdan "Bakı 2015" Avropa Oyunları gəlir. Avropa Oyunları yaxın illər üçün hazırlığın istiqamətidir.
- Yeri gəlmişkən Avropa Oyunlarından nə gözləyirsiniz?
- Birincisi, belə yarışın Bakıda keçirilməsi bir çox mənada nümunəvidir. Sizin dünya və Avropa çempionatlarını keçirmək təcrübəniz var. Avropa Oyunları isə sadəcə irimiqyaslı yarışdır. Yeri gəlmişkən, Olimpiya şəhərciyinin yerləşdiyi ərazi çox xoşuma gəldi. Şəhərcik Gimnastika Arenası ilə üzbəüz yerləşir. Bununla da idmançılar vaxtlarına qənaət edəcəklər. Əks halda, onlar bu vaxtı nəqliyyata sərf etməli olacaqdılar. Ümumilikdə, Avropa Oyunlarına hazırlıq işlərinin miqyası heyrətamizdir və əminəm ki, həmin oyunlar Bakıda ən yüksək səviyyədə keçiriləcək.
- Bakıdan hara gedəcəksiniz?
- Cenevrəyə. Orada Beynəlxalq Federasiyanın ikigünlük simpoziumu keçiriləcək. Simpoziumun əsas məsələsi 2020-ci il Olimpiya Oyunları üçün təsnifat mərhələsinin dəyişdirilməsi üzrə təklif olacaq.