İdman

gimnastikadan

başlayır

Oleq Stepko: Bakı Çempionatında parallel qollar üzərində hərəkətlərə görə topladığım xal, Avropa Oyunlarındakından daha yüksək oldu

07 oktyabr 2015

Oleq Stepko: Bakı Çempionatında parallel qollar üzərində hərəkətlərə görə topladığım xal, Avropa Oyunlarındakından daha yüksək oldu

Oleq Stepko: Bakı Çempionatında parallel qollar üzərində hərəkətlərə görə topladığım xal, Avropa Oyunlarındakından daha yüksək oldu

İdman gimnastikası üzrə Qlazqoda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Çempionatına 20 gün qalır. Qarşıdakı yarışa Azərbaycan yığması, o cümlədən komandanın lideri, Avropa Oyunlarının beşqat medalçısı Oleq Stepko da var gücü ilə hazırlaşır. İdmançılarımız üçün yoxlama xarakteri daşıyan Bakı Çempionatında qalib olan Stepko, yarış haqqındakı təəssüratlarını və qarşıdakı Dünya Birinciliyindən nə gözlədiyini azerisport.com idman agentliyi ilə müsahibəsində bölüşdü.

Qlazqoya hazırlıq baxımından, çıxış proqramının icrasını necə dəyərləndirirsiniz?

Əsas etibarilə, bütün planlaşdırılmış elementləri yerinə yetirdim. Lakin hazırlığın bu və ya digər tərəflərini təkmilləşdirmək üçün hələ də vaxt var. Hansısa alətdə daha yaxşı, digərində daha pis çıxış etdiyimi deyə bilmərəm. Misal üçün, parallel qollar üzərində icra etdiyim hərəkətlərə görə 7 xal topladım və bu Avropa Oyunlarında göstərdiyim nəticədən daha yüksəkdir. Təbii ki, Dünya Çempionatının medalına sahib olmaq istərdim, lakin ilk növbədə Olimpiya Oyunlarına lisenziya qazanmaq və səkkizliyə daxil olmaq lazımdır. Mükafat haqda bir söz demək istəməzdim. Başlanğıc üçün,  çoxnövçülük nəticələrinə əsasən ilk 24 gimnastın siyahısına daxil olmaq, daha sonra isə finalçılar səkkizliyində yer qazanmaq uğrunda mübarizə aparmaq lazımdır. Dünya birinciliyinə olan məqsədim bundan ibarətdir.

Bakı Çempionatının gedişatında kənardan elə görünürdü ki, müəyyən alətlərdəki çıxış səviyyəsindən, o qədər də razı deyilsiniz...

Bu normal iş prosesidir. Əksinə, yaxşı ki, bu məhz indi, mənim üçün sınaq xarakterli yarışda baş verdi. Hələ müəyyən məqamları düzəldib, təkmilləşdirməyə vaxtımız var. Çıxışımdan nisbətən razıyam, lakin diqqətimi daha çox yetirməli incəliklər və irəliyə addımlamaq məqsədi var.

Keçən il zədəli olduğunuzdan bacarığınızı tam göstərə bilmədiyinizə görə, yəqin ki, bu Dünya Çempionatına Siz özünüzü doğrultmaq üçün ikiqat hazırlıqlı yollanacaqsınız.

Keçən il Nannində mən 37-ci yerdə qərarlaşdım və bundan nəticə çıxardım. Gördüyünüz kimi bu mənim xeyrimə oldu və nəticə özünü büruzə verdi. Bu təkcə mənim deyil, həmçinin yığma komandanın Baş məşqçisi Pavlo Netrebanın, tibbi heyətin və təbii ki, bizə həmişə kömək edən və dəstək olan Azərbaycan Gimnastika Federasiyasının nailiyyətidir. Gimnastikanın inkişafını davam etdirməyə çalışacağıq.

Hər bir idmançının iri miqyaslı yarışlarda özünəməxsus strategiyası var. Bəziləri hər hansı bir konkret alətdə hərəkətlərinə daha çox diqqət yetirir, digərləri üçün isə çoxnövçülük daha vacibdir. Siz bu haqda nə düşünürsünüz?

Mən sualın mahiyyətini anladım. Misal olaraq, deyə bilərəm ki, parallel qollar aləti üzərində hərəkətlər məndə yaxşı alınır və bu növdə mənim ehtiyatım var. Lazım olduqda, hərəkətlərin çətinliyini artıra bilirəm. Lakin bizim idman növündə çoxnövçülük daha çox qiymətləndirilir, çünki bu medalın dəyəri daha yüksəkdir. Bir alətdə bütün həyatın boyunca çıxış edə bilərsən, bəs uğurlu olmadıqda, onda necə? Dünya Çempionatında öz sevimli alətində fərqlənə bilmədikdə, Olimpiya Oyunlarına növbəti dəfə lisenziya qazanmaq üçün daha 4 il oturub gözləyəcəksən? Çoxnövçülükdə isə həmişə lisenziya qazanmaq üçün mübarizə aparmaq olar.

Dünya Çempionatında bu və ya digər alətlərdə çıxış proqramında komandanın taktikası nədən ibarət olacaq?

Düzünü söyləsəm, hələ bu haqda bir söz deyə bilmərəm. Çünki Dünya Çempionatında alətlər  fərqli istehsalçı tərəfindən təchiz olunacaq. Bunun da müsbət və mənfi cəhətləri var. Gələcək göstərər... Hər halda bu iştirak edəcəyimiz ilk Dünya Çempionatı deyil.

www.azerisport.com  04/10/2015