24 noyabr 2008
Məşhur Azərbaycan gimnastı, Barselona-92 Olimpiadasının qalibi Valeri Belenki on altı illik uzun fasilədən sonra öz Vətəni – Bakı şəhərinə gəlmişdir. Ancaq tək yox, dünyaca məşhur gimnastika alətləri istehsalçısı olan alman Spieth şirkətinin meneceri olan xanımı ilə birgə.
O, gördükləri barədə təəssüratları, Azərbaycanda işləmək perspektivi və digər mövzular haqqında xüsusi mətbuat konfransında danışmışdır.
- Valeri, Bakı Sizin üçün necədir, çox dəyişibmi?
- Bəli, şəhərdə çoxlu dəyişikliklər olub. Bakını həmişə Azərbaycanın mirvarisi adlandırırdılar, amma indi o, əsl brilyanta çevrilib. Mən doğma küçələrlə gəzindim, əvvəllər dostlarla olduğu kimi, yaşadığım evin girişində çöməlib oturdum, bulvarda gəzintiyə çıxdım və Bakının dəniz havası ilə nəfəs aldım. Və mən yenidən burada olmağıma şadam, həm də mən heç Vətənimlə əlaqəni kəsməmişəm.
Mən Almaniyada da azərbaycanlılarla əlaqə saxlayıram, bəzi güləşçilərimizə Ştutqart klublarına keçməkdə köməklik göstərirəm. Mən həm də digər tanış həmvətənlərimlə əlaqə saxlayıram. Harda olsam da, Azərbaycan mənim Vətənim olaraq qalacaq. Mən Bakıya dəvət olunduğuma görə, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Və mən çox qürurluyam, ona görə ki, Federasiyanın prezidenti dövlət başçısının xanımı Mehriban Əliyevadır.
Yenidən Bakıda olmaq mənə çox xoşdur. Şəhər həqiqətən də çox dəyişmişdir.
- Hal-hazırda nə ilə məşğulsunuz?
- Mə indi Ştutqartda yaşayır və işləyirəm, öz yetirmələrimi məşq etdirirəm, onlardan bəziləri bu yaxınlarda Lozannada keçirilən Avropa çempionatında “bürünc” əldə ediblər. Ümumiyyətlə, mənə bir çox təkliflər olmuşdu – məni Yaponiyaya, ABŞ-a çağırırdılar, amma mən AFR-i seçdim. Həm də mən əvvəllər klub səviyyəsində Ştutqart komandasında çıxış etmişdim, onlarla üç dəfə dalbadal çempion olmuşduq. Karyeramı bitirdikdən sonra isə klub rəhbərliyi mənə iş təklif etdi və mən razılaşdım. Həm də mən eyni zamanda Ştutqartda Dünya kubokununu direktoruyam, ona görə də dostlarımı qonaq dəvət etmək imkanım var.
- Yenə də, möhtəşəm Barselona-92 Olimpiadasından sonra Azərbaycanı tərk etməyə Sizi nə məcbur etdi?
- Təəssüf ki, mən burada idmançı kimi inkişaf edə bilməzdim. Avadanlıq beynəlxalq standartlara cavab vermirdi, səbrimi isə bir epizod daşırdı. Məşqlərin birində tullandığım vaxt mənim üzərimdə dirək iki hissəyə parçalandı və mən az qala başı üstə yerə enəcəkdim. Allaha Şükür, zədədən qaçmaq mümkün oldu.
- Bəs Sizin sevimli alətiniz hansıdır?
- Məndə daha yaxşı atla çalışmalar alınırdı, axı mən Qafqazdanam.
- Valeri, Siz Azərbaycanda idman gimnastikasının inkişafı barədə nə fikirləşirsiniz?
- Mən paytaxtın bəzi zallarında olmuşam, Sumqayıtdakı zala da baxmışam. Mən həmçinin bir zamanlar böyük idmana qədəm qoyduğum zalda da olmuşam. Bir çox istedadlı uşaqlar gördüm, amma onlardan həqiqətən güclü idmançı yetişdirmək üçün həm avadanlıq, həm də baza lazımdır. Yeri gəlmişkən, məni xanımım gimnastika alətləri istehsal edən Almaniyanın Spieth şirkətində çalışır. Azərbaycan federasiyası bu şirkətdən avadanlıq almaq niyyətindədir.
- Sizin Azərbaycana məşqçi kimi dönmək niyyətiniz varmı?
- Mən bunu istisna etmirəm. Sadəcə mən hal-hazırda müqavilə ilə alman federasiyasına bağlıyam və bu ölkənin yığma komandasını London Olimpiadasına hazırlayıram. Amma Olimpiada-2012-dən sonra bu məsələyə qayıtmaq olar. Hələlik isə Ştutqarta 18 yaşlı Azərbaycan gimnastı Şakir Şıxəliyev toplanışa dəvət olunub, o, Almaniyaya dekabrda gələcək. İl ərzində o, Ştutqartda məşq edəcək və təcrübə toplayacaq.
- Sizin fikrinizcə, yüksək səviyyəli gimnast hazırlamaq üçün nə qədər vaxt tələb olunur?
- Təqribən 7 il. Öz adımdan deyirəm – mən zala on iki yaşımda gəldim və 21 yaşımda iri yarışlarda iştirak etməyə başladım