İdman

gimnastikadan

başlayır

2021-ci ilin yekunları 

27 dekabr 2021

 2021-ci ilin yekunları 


Yola saldığımız 2021-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb. Nəhayət ki, bütün dünyada, eləcə də ölkəmizdə bir çox sahələrdə canlanma baş verib. Bir illik sərt karantin rejimindən sonra idman həyatımız qismən yenidən öz axarına qayıdıb, zallarda məşqlərə icazə verilib, eləcə də yerli və beynəlxalq yarışların təşkili bərpa edilib. Bu sahədə baş vermiş canlanma gimnastikada da özünü göstərib. 
İlin əvvəlində keçirilən Azərbaycan Gimnastika Federasiyanın (AGF) hesabat-seçki xarakterli Ümumi yığıncağında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva növbəti 5 il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, Mehriban xanımın federasiyaya rəhbərlik etdiyi 19 illik dövr ərzində AGF nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə ən nümunəvi idman təşkilatlarından birinə çevrilib. Bu sahədə hərtərəfli inkişafa üstünlük verilərək həyata keçirilən strategiya nəticəsində AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib. 
Ötən illərdəki ənənənin davamı olaraq, 2021-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa uğurla ev sahibliyi edib. Mötəbər yarışların təşkili, necə deyərlər, hamının səbirsizliklə gözlədiyi yarış əhval-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytarıb.  
2020-ci ildə keçirilməsi planlaşdırılan, lakin pandemiya səbəbindən təxirə salınan bədii gimnastika üzrə Dünya kubokunun bu il baş tutması həm ölkə təmsilçilərinin, həm də xarici gimnastların sevincinə səbəb olub. Mayın 7-dən 9-nadək Milli Gimnastika Arenasında keçirilən və Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışda 35 ölkədən 150-dən çox gimnast fərqlənmək üçün mübarizə aparıb. Qrup komandamız gərgin mübarizədən medalsız ayrılmayıb. Qızlarımız 5 topla final çıxışına görə fəxri kürsünün 3-cü pilləsində yer almağı bacarıb. 
Planeti əhatə edən pandemiya hər bir sahədə olduğu kimi idman sahəsinə də təsirsiz ötüşməyib. Bu vəziyyət  bütün dünyada ənənəvi şəraitdən tam fərqli üsulların, yeniliklərin tətbiqini zəruri edib. Yarışlar tamaşaçılar olmadan və sanitar-epidemioloji tələblərə uyğun olaraq təşkil olunub. Yerli Təşkilat Komitəsi tərəfindən bu sahədə bir sıra yeniliklər həyata keçirilib. 
Diqqətçəkən məqamlardan biri də məhz Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda idmançılara medalların dronlarla təqdim edilməsi olub. Daha bir yenilik isə media ilə bağlı olub. Belə ki, jurnalistlər arenaya gəlmədən də onlayn qaydada istədikləri gimnastdan müsahibə almaq imkanı əldə ediblər. 
21-23 may tarixlərində Milli Gimnastika Arenası dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc aerobika gimnastlarını qonaq edib. Azərbaycanda ilk dəfə keçirilən aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarında 18 ölkədən təxminən 200 idmançı birincilik uğrunda mübarizə aparıb. Ölkəmizdə son dövrlərdə inkişaf etdirilməsinə baxmayaraq, gimnastika tariximizdə ilk dəfə olaraq bu miqyaslı yarışda 12-14 yaş qrupunda gimnastımız Məryəm Topçubaşova fərdi proqramda bürünc medal qazanıb. 
Aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı paytaxtımızda eyni ayda keçirilən üçüncü beynəlxalq yarış olub. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi yarışda idmançılarımız dünya çempionu titulunu qazanmağa müvəffəq olublar. 22 ölkədən 166 idmançının işirak etdiyi yarışda Avropa çempionu adını daşıyan aerodans komandamız bu dəfə də onlara bəslənilən inamı doğruldaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib. 
İlin sonuna doğru, noyabrın 18-dən 21-nədək Azərbaycan daha bir mötəbər yarışa - Batut Gimnastikası, Tamblinq və İkili mini-batut üzrə 35-ci Dünya Çempionatına ev sahibliyi edib. Ölkəmizdə bu növ üzrə daha öncə Avropa çempionatı və çoxsaylı Dünya kubokları keçirilsə də, “küləklər şəhəri” havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda toplayıb. 33 ölkədən 250-dən çox gimnastın iştirak etdiyi yarış Avropa çempionu, Dünya Yaş Qrupları Yarışlarının qalibi olan təmsilçimiz Mixail Malkinin gümüş medal qazanması ilə yadda qalıb. 
Bakıda ilk dəfə keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları, 2021-ci ildə ölkəmizdə təşkil edilən 5-ci beynəlxalq turnir olub. 25-28 noyabr tarixlərində 32 ölkədən 650 idmançının iştirakı ilə keçirilmiş dünya birinciliyində Azərbaycanı fərdi və sinxron batut, tamblinq və ikili mini-batut proqramı üzrə ümumilikdə 15 gimnast təmsil edib. 
Gərgin mübarizədə ötən dünya yaş qrupları yarışlarının qalibi olmuş Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək ikiqat dünya birincisi titulunu təsdiqləyib. 
2021-ci il dünyada həm də Olimpiya ili kimi yadda qalıb. Məlum  səbəbdən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunub. 
İdman gimnastikası üzrə yarışlarda ölkəmizi kişilər arasında İvan Tixonov, qadınlar arasında isə gimnastika tariximizdə ilk dəfə olaraq Marina Nekrasova təmsil edib. 
Bədii gimnastika üzrə fərdi proqramda Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Zöhrə Ağamirova iştirak edib. 19 yaşlı Zöhrə Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast olub. Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan 13 ildən sonra yenidən qrup hərəkətləri proqramında mübarizə aparıb. Qrup komandası tərkibində Tokioda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova çıxış edib. 
Bu il batut gimnastikası üzrə Avropa çempionatında da gənc və böyükyaşlı gimnastlarımızın çıxışları uğurlu olub. Belə ki, Soçidə (Rusiya) baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında yığmamızın üzvləri komandamızın hesabına 1 gümüş və 2 bürünc medal -  tamblinq yarışlarında Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında bürünc medal əldə ediblər. Dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Maqsud Mahsudov sinxron cütlüyü “dünya” üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahib çıxıblar. Daha bir medalı – “bürüncü” isə böyükyaşlı gimnastlar arasında tamblinq yarışlarında Mixail Malkin qazanıb.
Akrobatlarımız da Avropa çempionatında uğurla təmsil olunublar. İtaliyanın Pesaro şəhərində təşkil edilmiş Avropa Yaş Qrupları Yarışlarında 12-19 yaşlılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz qarışıq hərəkətlər proqramı üzrə final mərhələsində gümüş medala layiq görülüblər. 
Yaş qrupları yarışlarının ardınca baş tutmuş Avropa çempionatında isə akrobatlarımız yığma komanda hesabına daha 3 medal əlavə ediblər. Qarışıq cütlük tərkibində çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli komandamızın hesabına həm “gümüş”, həm də “bürünc” yazdırıblar. Gənclər arasında qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə bürünc medala yiyələniblər.
Bu, qadın qrupumuzun 2021-ci ildə əldə etdiyi yeganə uğuru deyil. Belə ki, onlar İsveçrənin Cenevrə şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında da bürünc medal (12-19 yaş qrupu) qazanıblar.
Qeyd edək ki, 2021-ci ildə gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri beynəlxalq yarışlarda 17-si qızıl, 31-i gümüş və 36-sı bürünc olmaqla  ümumilikdə 84 medal qazanaraq, ilə uğurla yekun vurublar. Azərbaycan Gimnastika Federasiyasının il ərzində qazanılan nəticələrə əsasən açıqladığı reytinq siyahısında ilk üçlukdə müvafiq olaraq Mixail Malkin 1-ci, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 2-ci, aerodans üzrə komanda isə 3-cü pillədə qərarlaşıb. 
Çəkilən zəhmətin bəhrəsidir ki, idmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə Gənclər və İdman Nazirliyi tərəfindən 4 gimnastımız “Əməkdar İdman ustası”, 9 gimnastımız isə “İdman ustası” adına layiq görülüb.   
AGF hər zaman olduğu kimi bu il də məşqçilərin və idmançıların  ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. AGF tərəfindən bu il ilk dəfə olaraq İsrail nümayəndələri ilə birgə keçirilən “Gələcəyə addım” adlı onlayn vebinar məşqçilər üçün səmərəli olub. 22 ölkə nümayəndəsinin iştirakı ilə 3 gün davam edən vebinarda aktual  məsələlərə toxunulub, maraqlı mövzular ətrafında müzakirələr aparılıb. Bundan əlavə regionlarda gimnasikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması hər il olduğu kimi, 2021-ci ildə də federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil edib. İlboyu idmançılarımız üçün paytaxtla yanaşı, regionlarımızda fəaliyyət göstərən bölmələrdə peşəkarlar tərəfindən ustad dərsləri keçirilib. 
Federasiyanın keçirdiyi silsilə tədbirlər siyahısında yer alan “Gimnastika hamı üçün” növünə həsr olunmuş vebinar, bu növ üzrə ilk milli onlayn festival, “Gimnastika hamı üçün” adlı foto müsabiqə də gimnastika həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Yığma komandamızın mütəxəssisləri də səmərəli fəaliyyətləri ilə seçiliblər. Sevindirici haldır ki, gimnastika peşəkarlarımızın fəaliyyəti beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilib. Gimnastika tarixində ilk dəfə olaraq federasiyanın İdman Direktoru Natalya Bulanova FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, yığma komandanın məşqçisi, Avropa çempionatının 3-qat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçiliblər. 
Bundan əlavə, gimnasika növləri üzrə ixtisaslamış beynəlxalq dərəcəli Azərbaycan hakimləri - Natalya Bulanova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Adil Hüseynzadə (tamblinq) “Avropa Gimnastikasının fəxri hakimi” adına layiq görülüblər. 
2021-ci ildə Milli Gimnastika Arenası beynəlxalq təlim-məşq toplanışları üçün yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açıb. Bu il arenada yaradılmış şəraitdən Braziliya, İndoneziya, Kosta-Rika, Latviya, Çexiya, Bolqarıstan, Koreya, Misir, Macarıstan, Qazaxıstan, Avstraliya, Özbəkistan və Malaziya nümayəndələri yararlanıblar.
Yeni il yeni başlanğıclar deməkdir. Hər kəs hər il dəyişən təqvimə böyük ümidlərlə baxır, qədəm qoyduqları ildə yüksək nailiyyətlər qazanmağı arzulayırlar.
Qarşıda gimnastikasevərləri də hər il olduğu kimi mühüm tədbirlərlə zəngin bir il gözləyir. İnanırıq ki, növbəti ildə də gimnastika ailəsinin üzvləri onlara bəslənilən etimadı doğruldacaqlar. 
2022-ci ilin möhtəşəm idman ili olması diləyi ilə hər kəsə möhkəm sağlamlıq, istəklərinin həyata keçməsini və müvəffəqiyyət arzu edirik!