İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə 10-cu, akrobatika gimnastikası üzrə 31-ci Bakı birinciliyi uğurla başa çatdı

30 may 2026

Aerobika gimnastikası üzrə 10-cu, akrobatika gimnastikası üzrə 31-ci Bakı birinciliyi uğurla başa çatdı

29 və 30 may tarixlərində Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 10-cu, akrobatika gimnastikası üzrə 31-ci Bakı birinciliyi keçirilib.
İki gün davam edən yarışda aerobika gimnastikası üzrə 150-yə yaxın, akrobatika gimnastikası üzrə isə 120-yə yaxın gimnast öz çıxışını sərgiləyib.

Gimnastlar kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə mübarizə aparıblar. Aerobika gimnastikası üzrə iştirakçılar fərdi, qrup, üçlük və cütlük proqramlarında, akrobatika gimnastikası üzrə isə cütlük və qrup proqramlarında çıxış ediblər. 

Yarışda akrobatika gimnastikası üzrə Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 nömrəli İOEUGİM PHŞ və “Ocaq” Sport” Klubunun, aerobika gimnastikası üzrə isə “Ocaq” Sport” Klubunun idmançıları öz performanslarını təqdim ediblər.

Akrobatika gimnastikası üzrə Bakı Gimnastika Məktəbi, aerobika gimnastikası üzrə isə “Ocaq Sport” Klubunun gimnastları uğurları ilə fərqləniblər.
Yarışın sonunda qaliblər diplom və medalla mükafatlandırılıb.

Bu yarış gimnastların yalnız fərdi bacarıqlarını deyil, həm də komanda ruhunu nümayiş etdirdikləri maraqlı və rəngarəng çıxışlarla yadda qalıb. Gənc gimnastlar üçün isə bu yarış, özlərini sınamaq və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırmaq baxımından əhəmiyyətli olub.
Çempionat eyni zamanda bəzi gimnastlar üçün 5–7 iyun tarixlərində keçiriləcək aerobika və akrobatika gimnastikası üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb. 

Bütün iştirakçıları yarışda göstǝrdiklǝri ǝzmkarlığa görǝ tǝbrik edir, gǝlǝcǝk yarışlarda uğurlar arzulayırıq!

Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: 
Nəticələr - Aerobika
Nəticələr - Akrobatika