29 iyun 2024
Beləliklə, Tərtərdə sayca ikinci gimnastika yarışı başa çatdı. 2022-ci ildə təşkil olunan bədii gimnastika üzrə bölgələrarası kubokla müqayisədə budəfəki yarışda həm idmançı, həm də tamaşaçı sayında xeyli artım müşahidə olunub. 28 və 29 iyun tarixlərində olmaqla, ümumilikdə, iki gün davam edən yarışlarda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011 təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edib. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedib.
Yarış iştirakçıların hər biri üçün uğurlu keçib. Gimnastlar arasında bu birinciliklə ilk böyük yarış təcrübəsini yaşayan, ötən yarışlardakı uğurlarını təkrarlayan, medal qazanmasa da, növbəti yarışlar üçün təcrübə toplayan da var idi. Ölkə miqyaslı yarışlarda azyaşlı və gənc gimnastlar qələbədən çox dostluğun önəmli olduğunu öyrənirlər, desək, yanılmarıq. Elə bu birincilikdə də hakimlər qarşısında öz hazırlığını göstərən gimnastlara ən çox onların məşq yoldaşları dəstəyini nümayiş etdirirdi. Ancaq idmançılarımız yarış həyəcanını tək yaşamadılar. Onlara dəstək üçün yarışa hazırlıq mərhələsinin səbir və əzm tələb edən anlarına şahidlik edən, bu yolda onlarla addımlayan valideynləri də burada idi. Nəticədən asılı olmayaraq valideynlərin öz övladları ilə fəxr etdiyini və onların əzmkarlığını təqdir etdiyini görmək sevindirici idi.Gərgin mübarizədə məşqçilərin göstərdiyi təmkin isə gimnastlarımızın hər növbəti çıxışlarını daha az icra səhvi edərək yerinə yetirmələrinə kömək olurdu.
Bu birincilik həm də müxtəlif idman cəmiyyətlərinin dostluq görüşü idi. Çünki məqsəd birdir: beynəlxalq arenalarda ölkəmizin himnini səsləndirəcək təmsilçilər yetişdirmək. Müxtəlif idman cəmiyyətlərinin təmsilçilərinin eyni dəyərlərlə yetişdirilməsi gimnastikanın birləşdirici gücünün nümunəsidir.
Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksində iki gün boyunca davam etmiş ölkə birinciliyində Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, “Grasiya” İdman Klubundan ümumilikdə 130 idmançı öz istedad və hazırlığını nümayiş etdirib.
Yarışın nəticələri ilə ətraflı şəkildə tanış olmaq üçün saytımızda müvafiq bölməyə daxil ola bilərsiniz.
https://agf.az/az/competitions/bedii-gimnastika-uzre-29-cu-ol48842