İdman

gimnastikadan

başlayır

FIG Dünya Challenge Kubokunun ilk təsnifat günü başa çatdı

19 fevral 2016

FIG Dünya Challenge Kubokunun ilk təsnifat günü başa çatdı

Bakıda ilk dəfə keçirilən idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun təsnifat mərhələsinin ilk günü başa çatdı.

Yarışlarda kişilər sərbəst hərəkətlər, gimnastika atı və halqalar, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzərində öz çıxışlarını nümayiş etdirdilər.

Bugünkü yarışlarda kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən Azərbaycan təmsilçiləri Petro Paxnyuk sərbəst hərəkətlərdə, Oleg Stepko isə halqalar üzərində hərəkətlərdə fevralın 21-də keçiriləcək final mərhələlərinə vəsiqə qazandılar. 

Qadınlar arasında isə Mariya Smirnova dayaqla tullanmada, Yuliya İnşina isə müxtəlif hündürlüklü qollar üzərində hərəkətlərdə finalda iştirak etmək hüququ əldə etdilər.

Ölkəmizdə idman gimnastikası üzrə Dünya Kubokunun birinci günü üçqat Dünya Çempionu Yaponiya gimnastı Kenzo Şirainin beynəlxalq səviyyədə ilk dəfə Bakıda sərbəst hərəkətlər üzrə yeni elementi nümayiş etdirməsi ilə yadda qaldı.

O, təsnifat çıxışında üç vintli ikiqat saltonu icra edib. Bu element Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu yaxınlarda təsdiq edilib və gimnastın şərəfinə "Shirai Three" adlandırılıb.

Məhz Shirai və yarışların digər favoritlərini nəzərində tutaraq FIG Dünya "Challenge"  Kubokunu açıq elan edən Azərbaycan Gimnastika Federasiyasının Vitse-Prezidenti Altay Həsənov çıxışında iştirakçılar arasında kifayət qədər güclü və tanınmış idmançıların olduğunu xüsusi vurğulayıb.

Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Nelli Kim son illər ərzində ölkəmizdə gimnastikanın inkişafını yüksək dəyərləndirərək gimnastlara uğurlar arzulayıblar.

Rəsmi çıxışların ardınca quruluşu bədii gimnastika üzrə  Azərbaycanın yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan "Azərbaycan gimnastikasının gələcəyi" adlı kompozisiyada yeni nəsil bədii gimnastları, kişi və qadın idman gimnastları, batutçular, akrobatlar, aerobika və “gimnastika hamı üçün” növünün təmsilçiləri bir-birini əvəz edən rəngarəng çıxışlarla arenaya toplaşan gimnastika həvəskarlarını heyrətləndirdilər.

Kompozisiyanın son hissəsində gimnastlar bir araya gələrək gimnastikanın özündə birləşdirdiyi zəriflik, gözəllik, güc, havada pərvazlanma və sirk elementlərinin ahəngini yaratdılar. Xüsusi zövqlə seçilmiş musiqi müşayiəti qarşıdakı yarış həyəcanını xeyli azaltdı.