İdman
gimnastikadan
başlayır
13 sentyabr 2026
11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.
Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində 19.600 xal toplayaraq cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Qarışıq cütlük proqramında 19.700 xal toplayan Dünya Gimnastikasının bayrağı altında çıxış edən gimnastlar qızıl medal, 19.600 xal toplayan Azərbaycan cütlüyü gümüş medal, İtaliya təmsilçiləri isə 19.600 xal nəticə ilə bürünc medal qazanıblar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı inamlı çıxışları ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşan gimnastlarımız bununla da Dünya çempionatında qarışıq cütlük proqramında ikinci gümüş medallarını qazanıblar. Qeyd edək ki, onlar Dünya çempionatında ilk gümüş medallarını 2024-cü ildə əldə ediblər.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.
Mədinə Mustafayeva və Vladimir Dolmatovun ardıcıl iki Dünya çempionatında gümüş medal qazanması Azərbaycan aerobika gimnastikasında əldə olunan nəticələrin davamlı xarakter daşıdığını və bu idman növünün ölkəmizdə stabil inkişaf etdiyini bir daha nümayiş etdirir. Cütlüyümüzün beynəlxalq arenada yüksək nəticələr göstərməsi Azərbaycanın aerobika gimnastikasında mövqeyinin daha da möhkəmləndiyini göstərən əlamətdar hadisədir.
Gimnastlarımızı təbrik edir, yeni qələbələr arzulayırıq!