09 iyul 2024
Beləliklə, ölkənin yeni istedadlarının müəyyən olunduğu daha bir yarış başa çatdı. Belə ki, Qəbələ Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçirilib. Burada Azərbaycanın müxtəlif bölgələrindən, ümumilikdə, 66 gimnast iştirak edib. Balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə idmançılar öz bacarıqlarını sınayıblar. Yaş fərqinə baxmayaraq, onların bir ortaq cəhəti var idi - uğura köklənmiş olmaq, əla hazırlıq və proqramlarının dəqiq icrası. Əlbəttə ki, onları bu hədəflər üçün ruhlandıran valideyn və məşqçilərin də rolunu xüsusi olaraq vurğulamaq lazımdır. Tezliklə bizim yeni parlayan ulduzlarımız böyüyəcək, onların çoxu beynəlxalq arenada öz sözünü deyəcək və dünyanın müxtəlif ölkələrindən olan güclü rəqiblərə qarşı mübarizədə öz ölkələrini layiqincə təmsil edəcəklər. Mükafatlandırma mərasimindən sonra iştirakçılar öz emosiyalarını bölüşüb, təcrübələrindən danışıb, belə turnirlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Onların fikrincə, ölkə üzrə təşkil olunan belə böyük miqyaslı yarışlar bölgələrin nümayəndələri arasında təkcə inkişafa aparan rəqabət deyil, həm də dostluq əlaqələri yaradır. Qeyd edək ki, iştirakçıların sayı ilə bağlı statistik məlumatlar ölkənin regionlarında da gimnastikaya marağın artdığını göstərir.
Yarışın nəticələri ilə bağlı ətraflı məlumatı saytımızda müvafiq bölməyə daxil olaraq əldə edə bilərsiniz.
https://agf.az/az/competitions/8th-interregional-cup-in-rhyth275387