İdman

gimnastikadan

başlayır

Tamblinqçilərin çıxışları sona çatdı

23 noyabr 2017

Tamblinqçilərin çıxışları sona çatdı

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında gimnastikanın 4 növü üzrə keçiriləcək birgə yarışların ilk günü start götürüb. Belə ki, Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarına ilk olaraq tamblinqçilər qatılıb.

4 yaş qrupunda (balacalar, yeniyetmələr, gənclər, böyüklər) mübarizə aparan kişi və qadın tamblinqçilərimiz Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, Ocaq Sport və Neftçi klublarını təmsil ediblər.

Ölkə çempionu olmaq üçün hakimlər qarşısına çıxan gimnastlarımız həyəcan dolu çıxışları ilə yadda qalıb. Bəzən yıxılaraq üzülən, bəzən isə öz proqramlarını qüsursuz icra edərək sevinən idmançılarımıza valideynləri də yarış boyunca dəstək olublar.

Turnirdə azyaşlı idmançılarımızla yanaşı, ötən həftə Sofiyada (Bolqarıstan) keçirilən Dünya Yaş Qrupu Yarışlarında ölkəmizi layiqincə təmsil edərək, tamblinq cığırında qızıl medal qazanan, yığma komandamızın favoritlərindən biri Mixail Malkin də çıxış edib.

Qeyd edək ki, 24-25 noyabr tarixlərində artıq arenanın əsas zalında meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər. Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/158  əldə edə bilərsiniz.