Payızın ilk ayında Azərbaycan Gimnastika Federasiyası yeni yarış mövsümünə start verir. Gimnastların budəfəki dayanacağı qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan şəhəri olacaq.
Sentyabrın 21-i və 22-də Naxçıvan şəhəri ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə ev sahibliyi edəcək.
Bölgədə gimnastika üzrə təşkil olunacaq ilk beynəlxalq yarış çərçivəsində Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-yədək idmançı çempion adı uğrunda mübarizəyə qoşulacaq.
Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə paytaxt və bölgələri təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar xalça üzərində məharətlərini nümayiş etdirəcəklər.
İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər. Yarışda paytaxt idmançılarına Naxçıvan MR, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən gimnaslar da qoşulacaqlar.
İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Əziz gimnastikasevərlər, Naxçıvan Olimpiya İdman Kompleksinə gələrək, bədii gimnastların maraqlı və rəngarəng çıxışlarının şahidi ola bilərsiniz.
İnanırıq ki, bölgədə təşkil olunacaq ilk beynəlxalq turnir füsunkar təbiətə malik Naxçıvan şəhərinin tamaşaçılarına unudulmaz anlar bəxş edəcək.
Yarış hər gün saat 10:00-da başlayacaq.
Turnir haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Kompleksə giriş sərbəstdir.
Ünvan: Naxçıvan Olimpiya İdman Kompleksi
Əziz Əliyev küçəsi, 1
Tel: 0136-45-86-62, 0136-45-42-65