İdman

gimnastikadan

başlayır

Gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i

Gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i

Yarış haqqında

Yaddaşlardan hələ uzun müddət silinməyəcək bədii gimnastika üzrə  39-cu Avropa çempionatının ardınca Azərbaycanda daha bir gimnastika növü üzrə beynəlxalq səviyyəli tədbirin təşkili planlaşdırılır.
İyunun 17-si və 18-də keçiriləcək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i öz fərqli üslubu ilə diqqət çəkəcək.
Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) keçiriləcək “Challenge”-də Azərbaycan, Gürcüstan və Litvanı təmsil edəcək 46 komandadan 500-dək idmançı bacarığını nümayiş etdirəcək.  “Challenge”-də paytaxtla yanaşı, ölkəmizin 20 bölgəsindən idmançılar qüvvələrini sınayacaqlar.
Tədbirə iştirakçıların “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə start veriləcək. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edəcək.
“Challenge” çərçivəsində breykdans,  milli rəqs, zumba üzrə ustad dərsləri və tamaşaçılarla birgə flaşmobun keçirilməsi nəzərdə tutulur.
İyun 18-də keçiriləcək Qala-şounun xüsusi qonağı “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov olacaq. O, öz ifası ilə tədbirə xüsusi rəng qatacaq.
Qeyd edək ki, müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər.
Qeyd edək ki, dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. Bu idman növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 2 növ tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları.
Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq “Gimnastika hamı üçün” növünün əsası qoyulub.

Yarışların başlama vaxtı:
17 iyun
09:00 – 10:00 - Ustad dərsləri (Azərbaycan Dövlət Kukla Teatrı, Bakı İdman Sarayı, Saat qülləsinin yanında
18:00-21:30 – Komandaların yürüşü, əsas çıxışlar və mükafatlandırma mərasimi
18 iyun – 18:00-19:00 (Qala-şou)
Ünvan: Neftçilər prospekti 77, (Azərbaycan Dövlət Kukla Teatrının arxası)

 

Vacib sənədlər

Faydalı məlumatlar

Nəticələr