AZE
İdman gimnastikadan başlayır

Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku, AGF Trophy 2020

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar fəslinə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verəcək.

15-16 fevral tarıxlərində baş tutacaq builki Kubok da Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Yarışlara qeydiyyat siyahısına əsasən artıq 30 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 171 gimnast da daxil nümayəndə heyətləri tərkibində ümumilikdə 300-dən çox şəxsin iştirakı gözlənilir.

Kubokda iştirak edəcək gimnastların adları isə yanvar ayında bəlli olacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Kuboka biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə edə bilərsiniz​. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final günü üçün isə 15 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası