AZE
İdman gimnastikadan başlayır

Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı

Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə Dünya Çempionatıdır.

Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi bu yarış 14-16 may tarixlərində keçiriləcək.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa Çempionatı isə ilk dəfə olaraq ötən il təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə Dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

Yarışın ilkin siyahısına əsasən çempionatda 33 ölkədən 453 gimnastın mübarizə aparacağı gözlənilir.

İştirakçıların adlarının açıqlanacağı siyahı isə yarışdan bir ay öncə dərc olunacaq.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Ən yaxşı idmançıların gərgin mübarizəsini qaçırmamaq üçün yaxın günlərdə satışa çıxarılacaq biletləri arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə biləcəksiniz​. Təsnifat günləri üçün biletin qiyməti 10 və 12 manat, final günləri üçün isə 12 və 15 manat təşkil edəcək.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası