AZE
İdman gimnastikadan başlayır

Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatı

Azərbaycanın ilk dəfə olaraq ev sahibliyi edəcəyi kişi idman gimnastikası üzrə Avropa çempionatının yeni tarixləri elan olunub.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmış qitə birinciliyinin 9-13 dekabr tarixində keçirilməsi planlaşdırılır.  Belə bir qərar Avropa Gimnastikasının Yerli Təşkilat Komitələrilə müzakirələri və pandemiya ilə bağlı Avropadakı vəziyyət nəzərdən keçirildikdən sonra qəbul edilib.

Xatırladaq ki, çempionat mayın 27-31-də baş tutmalı idi. Lakin, ölkəmizlə yanaşı bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar bu yarış təxirə salınmışdı.

Avropanın ən güclü idmançılarının gərgin mübarizəsinin gözlənildiyi sayca 34-cü qitə birinciliyi eyni məkanda - Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq. Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat Tokio-2020 Olimpiya Oyunlarına hələ vəsiqə qazanmamış bəzi böyük gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək. Belə ki, çoxnövçülükdə çıxış edən və eyni zamanda Olimpiya lisenziyasını qazanma haqqı olan, Avropa çempionatı çərçivəsində təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast Tokio-2020-yə vəsiqə əldə edəcəkdir.

Qeyd edək ki, gənc gimnastlar üçün yaş həddi 14-18, böyük idmançılar üçün isə minimum yaş həddi 18 olmalıdır.

Çempionatların yeni tarixləri ilə bağlı Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib. “Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin, Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəsiz hesab olunmazsa, biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır.”