AZE
İdman gimnastikadan başlayır

Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatı

Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Avropanın ən güclü idmançılarının gərgin mübarizəsinin gözlənildiyi sayca 34-cü qitə birinciliyi 27-31 may tarixində Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarış iştirakçılarının ilkin siyahısı fevral ayının sonunda, adların qeyd olunacağı yekun siyahı isə aprel ayının sonunda dərc ediləcək.

Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat Tokio-2020 Olimpiya Oyunlarına hələ vəsiqə qazanmamış bəzi böyük gimnastlar üçün son dəfə lisenziya əldə etmək şansı verəcək. Belə ki, çoxnövçülükdə çıxış edən və eyni zamanda Olimpiya lisenziyasını qazanma haqqı olan, Avropa çempionatı çərçivəsində təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast Tokio-2020-yə vəsiqə əldə edəcəkdir.

Qeyd edək ki, gənc gimnastlar üçün yaş həddi 14-18, böyük idmançılar üçün isə minimum yaş həddi 18 olmalıdır.

Avropa Gimnastika İttifaqının Texniki Qaydalarına əsasən bu il təşkil edilən kişi idman gimnastikası üzrə Avropa çempionatında böyük gimnastlar komandalar arasında və ayrı-ayrı alətlər üzrə finallarda çıxış edəcəklər. Gənc gimnastlar isə çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və təsnifat mərhələsinin nəticələrinə əsasən komanda hesabında qaliblər müəyyənləşəcək.

Bundan əlavə, hamıya AGF-nin talismanı “Qur-Qur” və Avropa çempionatlarının talismanı “Luigi” obrazı ilə tanış olan Amerikalı talisman ustaları - Skott Hesinqton və Berri Anderson bu yarış üçün yenidən Bakıya səfər edəcəklər. Böyükdən kiçiyə kimiyə, hər kəs tərəfindən sevilən, həm tamaşaçılara, həm gimnastlara təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş talismanlar dəfə Milli Gimnastika Arenasında yenidən meymun - Luigini canlandıracaqlar.

Biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz​. Biletlərin qiyməti çempionatın ilk 3 günü üçün 8, 4-cü günü üçün 10, son günü üçün isə 12 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası