AZE
İdman gimnastikadan başlayır

Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatı

Dekabr ayında Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişilərin idman gimnastlarının yarışlarından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.

Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının 17-20 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

Qadınların qitə birinciliyinin daha öncə 30 aprel-3 may tarixində Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.

Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında Avropa Gimnastikası yarışın Bakıda keçirilməsinə qərar verdi.  

Çempionatların yeni tarixləri ilə bağlı Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib. “Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin, Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəsiz hesab olunmazsa, biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır.”

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaqdır. Belə ki, çempionat Tokio-2020-yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.