AZE
İdman gimnastikadan başlayır

Milli Gimnastika Arenasında birlik və dostluq bir daha qalib gəldi

27.12.2019

Hər kəsin, xüsusən də uşaqların bir müddətdir ki, səbirsizliklə gözlədiyi Azərbaycan Gimnastika Federasiyasının (AGF) Yeni İl şousu baş tutdu.

“Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlı şou izləyənləri həqiqətən də əsl sehr dünyasına qərq etdi. Bu dəfə Milli Gimnastika Arenası sözün əsl mənasında Sehrli Gimnastika Arenasına çevrilmişdi. Yerdən süpürgə üzərində havaya qalxan kim, göydən qanadlarla enən kim, səhnədə motosikl sürən, futbol, şahmat oynayan kim...

Şounun sujet xətti bədii gimnastika üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə məşhur “Harry Potter” romanlarından biri əsasında qurulub. Tamaşanın qəhrəmanları isə peşəkar aktyorlardan heç də geri qalmayan gimnastika növləri üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraflar heyəti idi. Öz idmançı və eyni zamanda aktyorluq bacarıqları ilə onlar ifa etdikləri rollarının öhdəsindən layiqincə gələrək, şou izləyicilərini sehr aləminə səyahət etdirdilər.

Şouya ilk öncə məhdud imkanlı uşaqların çıxışları ilə start verildi. Daha sonra tamaşaçılar Tarik Gimmaster və onun dostlarının sehrli sərgüzəştlərini – Tarikin Sehrli Gimnastika Arenasına necə daxil olduğunu, etibarlı dostları ilə tanışlığını və bilik, cəsarətlə sehr aləmində çətinliklərə necə qalib gəldiklərini izlədilər. Rəngarəng işıq, səs və qrafik effektlərdən, eləcə də xüsusi geyimlərdən və musiqilərdən istifadə olunmaqla, bütün bu maraqlı görüntülər həm ekran, həm də səhnədə eyni zamanda və əvəzlənməklə baş verirdi.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində səhnələşdirilən AGF-nin ənənəvi Yeni İl şousu uğurla təşkil edildi.

Bu şounun uğurunun arxasında isə təbii ki, məşqçilər, xoreoqraflar, gimnastlar və şou üçün çalışan digər şəxslərin böyük zəhməti, gərgin əməyi və onların uzun müddət saatlarla yorulmadan çalışması durur.

Yeni İl şousu bir daha həm tamaşaçılara, həm də orada iştirak edən qəhrəmanlara inanılmaz emosiyalar, həyəcan dolu anlar və unudulmaz xatirələr bəxş etdi.

Nəhayət, bu şou bir daha göstərdi ki, idmanda əsas məqam güc deyil, gimnastika ailəsinin birliyi və dostluqdur. Arzu edirik, şouda olduğu kimi həmişə birlik və dostluq qalib gəlsin!