İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri 14-16 Aprel 2023-cü il

Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri 14-16 Aprel 2023-cü il

Yarış haqqında

Gimnastikanın ən sevimli növlərindən olan, özündə zəriflik və incəsənətlə bərabər cəsarət və qətiyyəti tərənnüm edən bədii gimnastika təmsilçiləri yenidən paytaxtımızın qonağı olacaqlar. 
Ölkəmizdə keçirilən beynəlxalq yarışlar çərçivəsində Milli Gimnastika Arenası 14-16 aprel tarixlərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə 3-cü AGF Trophy adlı beynəlxalq turnirə ev sahibliyi edəcək. 
14 ölkədən 119 gimnastın iştirak edəcəyi budəfəki yarışda gənc bədii gimnastlara, böyükyaşlı bədii gimnastlar da qoşulacaqlar. 
Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. 
Yarışda böyükyaşlı fərdi gimnastlar arasında təcrübəli idmançımız, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü Beynəlxalq Qran-pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlarımız mübarizəyə qoşulacaqlar. 
Böyüklər arasında qrup hərəkərtləri proqramında isə dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının  üçqat bürünc mükafatçısı, V  İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmamızın üzvlərini xalça üzərinə çıxacaq. 
Bununla yanaşı, gənclər arasında ölkəmizi qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək. 
Xatırladaq ki, Azərbaycan ilk dəfə olaraq 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında AGF Trophy adlı beynəlxalq turnirə ev sahibliyi edib. 
Bu yarış böyükyaşlı gimnastlarımız üçün həm də dərhal sonra, 21-23 aprel tarixlərində eyni məkanda bədii gimnastika üzrə keçiriləcək Dünya kubokuna sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək budəfəki yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. 
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Gənc gimnastların maraqlı və həyəcanlı, eyni zamanda da peşəkar çıxışlarını izləmək üçün Milli Gimnastika Arenasına tələsin.
Tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. 
Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.
Yarışlar haqda daha ətraflı məlumatı isə federasiyanın saytından əldə edə bilərsiniz. 

Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası 

Faydalı məlumatlar

İştirakçılar