İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy

Bədii gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy

Yarış haqqında

Aprelin 22-dən 24-nədək gimnastika dünyasının diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq Bədii Gimnastika üzrə Dünya kubokunda bir araya gələcəklər. 
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnastın iştirakı gözlənilir. 
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.  
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.  
Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.

Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Dünya kubokunda iştirak edəcək tanınmış idmançıların siyahısını təqdim edirik.
Fərdi çıxışlar üzrə: 
Azərbaycan: Arzu Cəlilova, gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı;
Zöhrə Ağamirova, 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı;
Bolqarıstan: Boryana Kaleyn, Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionatının üçqat bürünc mükafatçısı;
Tatyana Volojanina, Gənclər arasında Avropa çempionatının gümüş və bürünc mükafatçısı;
İtaliya: Aleksandra Acurcukuleze, dünya çempionatının gümüş və ikiqat bürünc mükafatçısı, gənclər arasında Avropa çempionatının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı;
Sofiya Rafaelli, Dünya çempionatının gümüş və bürünc mükafatçısı, gənclər arasında dünya çempionatının üçqat gümüş mükafatçısı;  
İsrail: Adi Asya Kats, gənclər arasında dünya çempionatının gümüş və ikiqat bürünc mükafatçısı;
 

Qrup hərəkətləri proqramı üzrə: 
Qrup hərəkətləri üzrə Azərbaycan komandası: 
Ləman Əlimuradova, Avropa çempionatının gümüş və bürünc mükafatçısı;
Zeynəb Hümmətova, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı;
Darya Sorokina, Avropa çempionatının gümüş və bürünc mükafatçısı; 
Yelizaveta Luzan, yeniyetmələr arasında qarışıq komanda hesabında Olimpiya Oyunlarının qalibi (Buenos Ayres, Argentina), Avropa çempionatının gümüş və bürünc mükafatçısı;
Qrup hərəkətləri üzrə İsrail komandası: 
Romi Paritski, gənclər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Amit Hedvat, gənclər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Diana Svertsov, gənclər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Qrup hərəkətləri üzrə İtaliya komandası: 
Martina Kentofanti, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının dördqat qızıl, beşqat gümüş, ikiqat bürünc mükafatçısı; Avropa çempionatının qızıl, üçqat gümüş və bürünc mükafatçısı;
Anyeze Duranti, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının üçqat qızıl, dördqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa çempionatının qızıl, üçqat gümüş və bürünc mükafatçısı;
Alessiya Maurelli, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının dördqat qızıl, altıqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa çempionatının qızıl, dördqat gümüş və bürünc mükafatçısı; 
Daniyela Moqurin, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının  qızıl, üçqat gümüş, Avropa çempionatının gümüş və bürünc mükafatçısı;
Martina Santandrea, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının üçqat qızıl, dördqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa çempionatının qızıl, üçqat gümüş və bürünc mükafatçısı; 
Qrup hərəkətləri üzrə Yaponiya komandası: 
İnaki Rinako, dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Ayuka Suzuki, dünya çempionatının qızıl, dördqat gümüş və üçqat bürünc mükafatçısı, 
Nanami Takenaka, dünya çempionatının qızıl və üçqat gümüş, ikiqat bürünc mükafatçısı;   

  

Faydalı məlumatlar

İştirakçılar