AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Gimnastların möhtəşəm bayramı: Bakıda "Şəhrizadın ən gözəl nağılı"

27.12.2012

"1001 gecə"nin qəhrəmanı Şəhrizad bir neçə yüzilliklər ərzində yaşından asılı olmayaraq gözəl və sehrli olan hər bir şeyin həvəskarlarını həyəcanlandırmaqda davam edir. Bu gözəl Şərq nağılı bir çox ölkələrdə və ən müxtəlif janrlarda təqdim edilib, amma kim düşünə bilərdi ki, Bakıda Olimpiya İdman Kompleksinin səhnəsində zəriflərimizin - milli komandanın gimnastlarının ifası onun ən gözəl və parlaq təqdimatı olacaq. Yeni il ərəfəsində onlar "Şəhrizadın ən gözəl nağılı" adlı Qala-balı nümayiş etdirərək tamaşaçıları Şərqin ən gözəl nağıllar aləminə saldılar.

Qala-bal Azərbaycan Gimnastika Federasiyasının on illiyinə həsr edilib. Tədbirin bütün iştirakçıları adından bir neçə dəfə ən yüksək səviyyəli yarışlarda mükafatlarla bizi sevindirən idmançılarımızın müvəffəqiyyət qazanmasına verdiyi dəyərli töhfəyə görə Federasiyanın prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edildi.

Kompleks tamaşaçılarla tam dolu idi. Valideynlər körpələrin əlindən tutaraq binanın girişinə doğru axınla tələsik irəliləyirdilər. Bəs necə? Axı onları nağılla görüş gözləyirdi!

Kompleksin daxilində də yüksək əhval-ruhiyyə hökm sürürdü. Birinci mərtəbə yolka, oyuncaq və şarlarla bəzədilmişdi. Yeni il şousunun başlamasına dəqiqələr qalırdı, tamaşaçılardan öz yerlərini tutmaq xahiş edildi.

Qeyd etmək lazımdır ki, dekorasiyalar dərhal diqqəti özünə cəlb etdi. Səhnə şərq üslubunda bəzənmişdi, qüsursuz rəng çalarları seçilmişdi. Dekorasiyalar səhnəni üç hissəyə bölürdü: şərq şəhərciyinin guşəsi, sultanın qonaq və yataq otaqları.

Aparıcı təzəcə Yeni il balının başlandığını elan etmişdi ki, zalda işıqlar müəmmalı şəkildə söndü, amma sonra gözlənilmədən yandı və tamaşaçılar taxtda oturan sultanın özünü (yığmanın baletmeysteri Kamil Quliyev) gördülər. Musiqi çalındı və səhnəyə qaçan gimnastlar qızğın ərəb rəqsini ifa etdilər. Ovsunlayıcı rəqsdən sonra səhnəyə oyunbaz (yığmanın gimnastı Ayşən Bayramova) çıxdı. O, sultanı nağılı dinləməyə dəvət etdi və əlahəzrət razılıqla cavab verdi. Bu anda qaranlıqdan yığmanın gimnastı Fatimə Şəfizadənin ifasında Şəhrizad səhnəyə çıxdı.

Şəhrizad gözəl rəqslə Sultanın könlünü aldıqdan sonra onun yanında oturdu, hökmdarın və tamaşaçıların maraqla qulaq asdıqları nağılı danışmağa başladı.

Əvvəlcə əhvalat dörd təbiət hadisəsi - torpaq, su, hava və oddan bəhs edirdi. Səhnədə müxtəlif hərəkətlər edən akrobatlar, gimnastlar bir-birinin ardınca dəyişildilər. Ən mürəkkəb hərəkətlər elə yüngül həyata keçirilirdi ki, çoxları heyrətlə tamaşa edirdilər.

Gimnastların arasında həm yunior, həm də böyük qrupun üzvləri var idi. Yaşından asılı olmayaraq, çıxış edənlərin hər biri tamaşaçıları valeh edirdi. Ritmik melodiyalar lirik musiqi ilə əvəz edilirdi.

Gimnast Marina Durundanın hər çıxışı emosiyalarla, hisslərlə dolu idi. Onun çıxışı hətta uşaqların diqqətini özünə çəkmişdi. Valideynlər "Əhsən!" deyə qışqırırdılar. Lalə Yusifova, Mənsurə Bağıyeva Ayşə Mustafayevanın da nömrələri çox gözəl idi. Amma Azərbaycanın bədii gimnastika üzrə milli yığmasının məşqçisi Mariana Vasilevanın çıxışı tamaşaçılar arasında daha böyük canlanma yaratdı. O, inanılmaz plastika və incəlik nümayiş etdirdi.

Məlum olduğu kimi, çıxış edənlərin arasında yalnız gənc gimnastlar deyil, həmçinin onların məşqçiləri, yığmanın baletmeysterləri də var idi. Və qızlar onlardan geri qalmamağa çalışırdılar. Gimnastların plastik hərəkətləri melodiyalara və ritmə tabe olurdu və onların artistliyi ən yüksək tərifə layiqdir.

Gənc idmançılar elə mürəkkəb tapşırıqları icra edirdilər ki, həyəcanlanmamaq mümkün deyildi. Bununla belə, iştirakçılar bu uğurların arxasında böyük zəhmətin dayandığını tamaşaçılara hiss etdirmədilər. Gimnastlar sərbəst, gülərüz çıxış edirdilər. Sanki onlar sevinclərini ətrafdakılarla bölüşürdülər.

Coşqun, şən musiqi sədaları altında gimnast qız kiçik "pudellər"lə möhtəşəm paltarda səhnəyə çıxdı. "Pudellər" rolunu rəngarəng yumşaq paltarlar geyinmiş kiçik gimnastlar oynayırdılar. Onların çıxışı yorulmadan alqışlayan tamaşaçıları xeyli əyləndirdi.

Maraqlı süjet xətti olan konsert ərzində ifritə və şahzadə arasında mübarizə gedirdi. Şahzadə sonda dörd ünsürün gücünü göstərərək ifritənin nəzərindən xilas ola bildi. Bu səhnələr elə məharətlə oynanıldı ki, tamaşaçılar həyəcan və maraqla kimin qalib gələcəyini gözləyirdilər. Hər nağılda olduğu kimi, xeyir şərə qalib gəldi. Xeyirin qalib gəldiyi an zal dayanmadan "Bravo!" deyə qışqırmağa başladı.

Gimnast qız və oğlanlar finalda səhnəyə milli geyimlərdə çıxdılar. Onlar Azərbaycan rəqslərini oynayırdılar. Zala toplaşanlar ayaqüstə onları alqışlayaraq gimnastların uzun müddət səhnədən getmələrinə imkan vermədilər.

Tələskənliyə baxmayaraq, bayram şousu başa çatdıqdan sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva vaxt taparaq şou haqqına bir neçə söz dedi. Yeri gəlmişkən, Vasileva bu möhtəşəm Yeni il şousunun ideya müəllifidir.

"Hamı bilir ki, Şəhrizad maraqlı nağılları ilə sultanı ovsunlayırdı. Bizim federasiyamız artıq on ildir mövcuddur və bunu da yeni nağılın başlanğıcı adlandırmaq olar. Lakin bu nağılı biz özümüz fikirləşdik, ssenarimiz Şəhrizadın nağılları ilə üst-üstə düşmürdü. Məhz bizim sirrimiz də burada idi. Tamaşaçılar milli gimnastların ifasında yeni nağıl gördülər", - Vasileva gülərək bildirdi və yetirmələrinin yanına doğru qaçdı.

Qala-konsertin təşkilatçıları kiçik tamaşaçılarına xüsusi Yeni il hədiyyələri təqdim etdilər ki, bu da onları sevindirdi. Nağıl, zəriflik və gözəllik bayramı uğurla başa çatdı.

Bunun başlıca təsdiqi sadəcə şouya baxmaq üçün gələn bir çox kiçik qızların bayramdan yeni ilə arzularla getməsi oldu: "Ana, mən də gimnast olmaq istəyirəm, mən də belə gözəl olmaq istəyirəm!"