AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bakı Batut gimnastikası üzrə Avropa Çempionatını qəbul etməyə tam hazırdır - UEG

01.09.2017

Bakıda Milli Gimnastika Arenası 2018-ci ildə batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa Çempionatını qəbul etməyə tam hazırdır

Bu sözləri  Trend-ə Bakıda olan Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.

Onun sözlərinə görə, Bakıdakı arena bu cür böyük yarışların keçirilməsi üçün Avropada olan ən yaxşı arenalardan biridir:

"Biz Bakıya, ilk növbədə, yarışların hazırlığı ilə tanış olmağa gəlmişik. Eləcə də iki gün ərzində texniki komitənin iclaslarını keçirəcəyik. Mən deyə bilərəm ki, Mili Gimnastika Arenası Avropanın ən yaxşı arenalarından biridir. Belə ki, bu arena gimnastikanın bütün növlərində ixtisaslaşmış bir idman qurğusudur".

Onun sözlərinə görə, Bakı həmçinin belə iri miqyaslı yarışların keçirilməsində böyük təcrübəyə malikdir:

"İki il əvvəl Bakıda yüksək səviyyədə Avropa Oyunları keçirilib. Bundan başqa Bakı iki dəfə batut gimnastikası və digər gimnastika növləri üzrə Dünya Kuboku yarışlarını qəbul edib".

V.Zemanın fikrincə arena batut üzrə Dünya Çempionatını da qəbul etməyə hazırdır:

"Bu növbəti addım olmalıdır. Siz dəfələrlə Dünya Kuboku yarışlarını qəbul etmisiniz. Gələn il isə Avropa birinciliyi keçiriləcək. Niyə də Dünya Çempionatı sizdə keçirilməsin? Düşünürəm ki, siz buna tam hazırsınız".