AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

YUNANISTAN, BELÇİKA VƏ POLŞADAN 10 QIZIL, 5 GÜMÜŞ VƏ 7 BÜRÜNC MEDAL

05.12.2011
Gənc Azərbaycan gimnastı Ləman Hacızadə Yunanıstanda keçirilən beynəlxalq turnirin mütləq qalibi olub.
Üç həftə əvvəl İsraildə olduğu kimi, 12 yaşlı idmançı bütün qızıl medallara sahib çıxıb və qədim Ellada torpağında keçirilən yarışlarda qəbul edildiyi kimi zeytun yarpaqlarından ibarət çələnglə mükafatlandırılıb. Halqa, top, lentlə və çoxnövçülük hərəkətlərindən sonra hakimlərə qalibi müəyyənləşdirmək elə də çətin olmayıb. Belə ki, hakimlər qeyd-şərtsiz və layiqli olaraq qələbəni Bakıdan olan gimnasta veriblər.
Daha üç qızıl medalı Nülufər Niftəliyeva (1998-ci il təvəllüdlü) əldə edib. O, top və lentlə hərəkətlərin finalında, eləcə də çoxnövçülükdə hamıdan birinci olub. Gimnast gürzlərlə tapşırıqda ikinci, halqa ilə hərəkətlərdə isə üçüncü nəticə göstərib.
Bundan əlavə, 1997-ci il təvəllüdlü gimnastların kateqoriyasında Yekaterina Prokopenko lentlə tapşırıqda gümüş medal, topla hərəkətlərdə və çoxnövçülükdə isə iki bürünc medal qazanıb. Aynur Cabbarlı (1996) da səhvsiz çıxış edib. O, topla tapşırıqda ikinci, çöxnövçülükdə isə üçüncü nəticəyə imza atıb.
Ötən istirahət günlərində Azərbaycanın himni təkcə Balkan yarımadasında keçirilən turnirdə deyil, həmçinin bir çox Avropa təşkilatlarının mənzil-qərargahı olan ölkədə də səslənib.
Belə ki, 14 yaşlı gimnast Mənsurə Bağıyeva Belçikada keçirilən yarışlarda halqa ilə hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orada 1998-ci il təvəllüdlü idmançıların qrupunda çıxış edən Gülsüm Şəfizadə topla tapşırıqda ikinci, gürzlərlə hərəkətlərdə üçüncü olub, Lalə Yusifova (1996) isə lent və gürzlərlə tapşırıqda üçüncülüklə kifayətlənib.
Üç gimnastımızın uğurla çıxış etdiyi turnirlərdən biri də Polşada təşkil edilib. 7 yaşlı gimnastların yarışında Zərniyar Əliyeva və 2001-ci il təvəllüdlü gimnastların qrupunda Zöhrə Ağamirova qızıl medal qazanıblar. Bahar Əsgərova (1997) isə gümüş medala sevinib.
Milli komandamızın liderinə gəlincə, Aliyə Qarayeva İtaliyanın klub çempionatının sonuncu turunda çıxış edib. Onun komandası "Ritmika Pyemont" yekunda altıncı yerı tutub. Qarayevanın özü isə lentlə hərəkətlərdə hakimlərdən 27.65 xal toplayıb. Bununla da Qarayeva komandada və bu növdə çıxış edən gimnastlar arasında ən yaxşı nəticəyə imza atıb.