AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bakıda Milli Gimnastika Arenasının bir çox əlavə imkanları olacaq

29.01.2013

Bakıda inşa olunan Milli Gimnastika Arenasının (MGA) tikintisi üzrə işlər nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilir və kompleksin tikintisi müəyyən olunmuş vaxtda başa çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında tikinti layihəsi üzrə direktor Fil Benson deyib.

O qeyd edib ki, arenanın ümumi beton, qəlib işləri artıq başa çatdırılıb və hazırda tikintinin növbəti mərhələsinə start verilib.

Benson bildirib ki, hazırda dam örtüyünün tikintisi həyata keçirilir və artıq plana uyğun olaraq dam örtüyünün 3-cü hissəsi quraşdırılır.

Benson vurğulayıb ki, dam örtüyünün quraşdırılması ilə yanaşı, arenanın bir sıra mexaniki və elektrik işləri, o cümlədən qaynaq işləri, kompleksin fasadının işlənməsi, kompleks daxilində bir sıra quraşdırma işləri həyata keçirilir.

O qeyd edib ki, arenanın tikintisində həm yerli, həm də xaricdən, o cümlədən Avropa ölkələrindən gətirilən materiallardan istifadə olunur.

Bensonun sözlərinə görə, arenanın bir çox əlavə imkanları mövcuddur, yəni burada gimnastika idman növündən başqa, digər idman növləri üzrə yarışlar, o cümlədən müxtəlif konsertlər, mədəni tədbirlər də keçirmək mümkün olacaq. Ümumilikdə kompleks 5 mərtəbədən ibarət olacaq.

Arenanın digər imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq.

MGA beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək.

Arenanı tamamlamaq üçün 24.000 m2 ətraf landşaft layihələşdirilir ki, burada da 300-dən çox avtomobilin saxlanması üçün yeraltı dayanacaq olacaq.

Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyası yaxınlığında tikilən Milli Gimnastika Arenasının tamaşaçı tutumu təqribən 9 min nəfər olacaq. Arenada keçiriləcək ilk tədbir 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı olacaq.