AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

ALİYƏ QARAYEVA İKİQAT AZƏRBAYCAN ÇEMPİONUDUR!

05.04.2009

Aliyə Qarayeva 2008-ci ildə qazandığı titulu müdafiə etmiş və ikiqat mütləq Azərbaycan çempionu olmuşdur. 16-cı ölkə çempionatının çoxnövçülüyündə o, 108.705 xal yığaraq böyük fərqlə Anna Qurbanovanı (104.825) və Zeynəb Cavadlını (98.675) qabaqlamışdır. Qarayeva həmçinin ayrı-ayrı növlərdə, yəni ip, top və lentlə hərəkətlərdə birinci olmuşdur. Yalnız halqa ilə hərəkətlərdə Aliyə ikinci olmuş, çempion adını isə Qurbanova qazanmışdır. Finallarda üçüncü yerləri Zeynəb Cavadlı tutmuşdur.

Yuniorların yarışında isə ən yaxşı gimnastikanı 5 qızıl medal qazanmış Ayşə Mustafayeva (86.95) göstərmişdir. Azərbaycan çempionatının vitse-qalibi Yekaterina Prokopenko (85.4), bürünc mükafatçısı Lalə Yusifova (81.45) olmuşdur. Ayrı-ayrı finallarda Prokopenko (ip və top) və Yusifova (halqa və gürzlər) iki dəfə gümüş mükafatlara layiq görülmüşlər. Üçüncü yerləri iplə Yusifova, halqa və topla Mənsurə Bağıyeva və gürzlərlə Aynur Cabbarlı tutmuşlar.

Azərbaycan Gimnastika Federasiyası ölkə çempionatı çərçivəsində öz mükafatları uğrunda turnir keçirmişdir. Turnirdə Bakı cəmiyyətlərini, eləcə Gəncəni təmsil edən 1998-99-cu il təvəllüdlü 14 gimnast çıxış etmişdir. Gənc idmançıların müsabiqəsində üçnövçülüyün nəticələrinə əsasən Nilufər Niftəliyeva 60.2 xalla birinci yeri tutmuşdur. Gümüş mükafatçı Gülsüm Şəfizadə (59.5), bürünc mükafatçı Emiliya Bağıyeva (56.725) olmuşlar.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, çempionat maraqlı və baxımlı olduğu qədər də beynəlmiləl olmuşdur. Azərbaycanlı gimnastlardan əlavə, Bakı Olimpiya kompleksinin arenasında müsabiqədənkənar şəkildə öş ustalıqlarını beş bolqar, iki gürcü və bir serb gimnastı göstərmişlər.

Çempionat Qala-konsertlə sona çatmışdır. Burada yarışın bütün qalibləri və mükafatçıları, qrup komandaları, kiçik yaşlı gimnastlar və xarici idmançılar iştirak etmişlər. Ən sonda isə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış etmişdir. O, bütün çempionları və mükafatçıları təbrik etmiş və Avropa çempionatı barədə xatırlatmışdır. “Avropa Gimnastika İttifaqının rəhbərliyi, 2 il əvvəl olduğu kimi yenidən çempionatın təşkil olunmasını bizə etibar etmişdir, və biz çalışmalıyıq ki, bunu daha yaxşı təşkil edək. Ölkə idmansevərlərini may ayının bir həftə sonunu Avropa gimnastika bayramında keçirməyə, idman kompleksinin tribunalarını doldurmağa və gimnastlarımızı dəstəkləməyə çağırıram”, deyə Federasiyanın baş katibi sözlərini bitirdi.