AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İtaliyalı məşqçi: Mən Mariana Vasilevanı çox sevirəm

20.04.2019

Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turnirində müxtəlif ölkələrdən güclü idmançılar iştirak edəcək və bizi maraqlı yarışlar gözləyir.

Bunu Trend-ə İtaliya milli komandasının məçqçisi Culyetta Kantaluppi deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında olmaqdan məmnundur:

“Həm də mən bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanı tanıyıram. Mən gimnast olarkən bir müddət Bolqarıstanda, onun yanında məşq etmişəm. Mən onu çox sevirəm”.

Bakıda idmançılar üçün yaradılmış şəraitdən danışan C.Kantaluppi bildirib ki, Milli Gimnastika Arenasında yarışların uğurlu keçirilməsi üçün lazım olan hər şey var.

Qeyd edək ki, 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.