AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Məryəm Səfərova

12.09.2019

Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatından öncə sizi Azərbaycan təmsilçiləri ilə tanış etmək istərdik.

Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatından əvvəl sizi nümayəndələrimizlə tanış etmək istərdik.

Çempionatın iştirakçılarından biri Məryəm Səfərova yarış ərəfəsində çempionata hazırlığından və gimnastikaya gəlməyindən danışıb.

"Gimnastikaya marağım uşaqlıqdan bu idman haqqında bir film izlədikdən sonra başladı. Çox bəyəndiyim üçün özüm də məşq etmək istədim. Evimizin yaxınlığında gimnastika klubu var idi və qızların hər gün məşqə getdiyini gördükdən sonra mən də bədii gimnastika ilə məşğul olmaq istədim. Altı yaşımdan məşqlərə başladım və hər şeyin alındığını görəndən sonra bədii gimnastika ilə artıq peşəkar səviyyədə məşğul oldum. Bədii gimnastikada öz emosiyalarını nümayiş etdirə bilmək, artistizm mənim çox xoşuma gəlir,” deyə 16 yaşlı idmançı qeyd edib.

Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı Məryəm Səfərovanın idman karyerasında mühüm bir mərhələdir.

"Çempionatda mən bir alətlə - lentlə çıxış edəcəyəm. Yaxşı nəticə göstərmək üçün hər gün çox məşq edirəm. Yarışın ciddiliyini başa düşürəm və üzərimizə nə qədər məsuliyyət düşdüyünü də anlayıram. Həqiqətən də səhvsiz və yaxşı çıxış etmək istəyirəm ki, çıxışım tamaşaçılar tərəfindən bəyənilsin və yadda qalsın,” deyə Səfərova bildirib.

O vurğulayıb ki, idmandakı ən böyük hədəfi irimiqyaslı yarışlarda, çempionatlarda iştirak edərək qələbə qazanmaq və məşhur idmançı olmaqdır.

Səfərovanın sözlərinə görə, yarışda tamaşaçıların dəstəyi onun üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də o bədii gimnastika azarkeşlərini bu  çempionatına gəlib, Azərbaycan yığmasına dəstək olmağa çağırıb.