AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Veronika Qudis

12.09.2019

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatından öncə yarışın iştirakçısı Veronika Qudis hazırlıqdan və gələcək hədəflərindən danışıb.

O qeyd edib ki, hər gün 8-9 saat hazırlaşır.

Veronika, gimnastikaya xalasının vasitəsilə başladığını deyib:

“Mənim xalam məşqçi olub və tez-tez onunla məşqlərə gedirdim. Digər qızların necə məşq etdiyini görüb, həvəsə gəldim. Gimnastika ilə 3 yaşından məşğul oluram, Azərbaycan millisində isə 4 ildir ki, çıxış edirəm”.

Hazırda onun üçün ən vacibi Dünya Çempionatında iştirakdır:

“Hazırlıqlar ciddi şəkildə davam edir, hər gün 8-9 saat məşq edirik. Bizim üçün bu yarış böyük əhəmiyyət kəsb edir, Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirik. Mənim idmanda məqsədim Olimpiadaya düşmək, layiqli çıxış etmək və ölkə üçün bir şey etməkdir”.

Veronika bildirib ki, gimnastika xarakteri möhkəmləndirir, iradəni gücləndirir və qarşıya məqsəd qoymağı öyrədir:

“Bəzən məşq prosesində nəsə alınmayanda psixoloji cəhətdən çətin olur. Bu məqamda sakitləşməyə və özümü toplamağa çalışıram. Tamaşaçıların dəstəyini hiss edəndə, onları sevindirmək istəyirsən”.