AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bu il Bakıda müxtəlif gimnastika növləri üzrə səkkiz beynəlxalq turnir keçiriləcək - Nurlana Məmmədzadə

08.02.2020

Bu il Bakıda müxtəlif gimnastika növləri üzrə səkkiz beynəlxalq turnir keçiriləcək. Bunlardan birincisi batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku olacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə bildirib ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da baş tutacaq:

"Artıq bir neçə iştirakçı ölkənin komandası Bakıdadır. Dünya kubokundan əvvəl təlim-məşq toplanışları keçirirlər. Bunlar Gürcüstan, Qazaxıstan, həmçinin bu gün Bakıya gələn Yeni Zelandiya komandalarıdır".

N.Məmmədzadənin sözlərinə görə, Azərbaycan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunu keçirməyə tam hazırdır:

 

"Kubokda 30 ölkədən 150-dən çox idmançı bir araya gələcək. Yarışda Olimpiya Oyunlarının qaliblərinin iştirak edəcəyi gözlənilir. Keçən il olduğu kimi, bu il də Dünya Kuboku Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq. Yəni bu yarışlar idmançılar üçün çox vacibdir".

Qeyd edək ki, iki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.