AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

4 günlük gimnastika yarışları sona çatdı

27.11.2017

Gimnastika növləri üzrə birgə yarışların keçirilməsi artıq bir ənənə halını alıb.

Bu dəfə də 23-26 noyabr tarixlərində Milli Gimnastika Arenasında gimnastikanın daha 4 növü - Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Bədii Gimnastika üzrə Bakı Çempionatı və Birinciliyi, həmçinin Aerobika Gimnastikası üzrə Azərbaycan və Bakı Çempionatı təşkil olundu.

Öncədən xəbər verdiyimiz kimi, yarışların ilk gününə tamblinqçilər start  verib. Gimnastlarımız 4 yaş qrupunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyən ediblər.

Turnirin ikinci və üçüncü günü isə bədii və aerobika gimnastlarının çıxışları ilə yadda qalıb. Xalça üzərində alətlərlə öz bacarıqlarını sərgiləyən bədii gimnastlarımız böyüklər, yeniyetmələr, balacalar yaş kateqoriyasında mübarizə aparıblar. Yarışlarda Ocaq Sport və Start Klubu, Bakı Gimnastika Məktəbi, o cümlədən Sərhədçi OİM-ni təmsil edən qrup komandaları da rəngarəng çıxışlar nümayiş etdiriblər.

Aerobika gimnastikasına gəldikdə isə qeyd etməyə dəyər ki, açıq elan olunan bu çempionatda yerli gimnastlarımızla yanaşı, Macarıstan, Rusiya, Estoniya, Bolqarıstan və Almaniya təmsilçiləri də iştirak edib. 7-8 və 9-11 yaş, həmçinin yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında  meydançada maraqlı çıxışlar nümayiş etdirərək, hakimlərin rəğbətini qazanan qonaqlarımız, yerli idmançılarımızla bərabər fəxri kürsünün ilk pillələrində yer almağı bacarıblar.

Son olaraq birgə yarışlara batutçular qatılıb. İdmançılarımız balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında öz proqramlarını  icra edərək,  medalçılar sırasında adlarını yazdırıblar.

Qalib gələn bütün gimnastlarımızı təbrik edir və onlara beynəlxalq arenalarda da uğurları ilə fərqlənməyi arzu edirik. 

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.