AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azad Rəhimov: Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib (ÖZƏL)

05.12.2017
“Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi bizi çox sevindirir və azərbaycanlı olaraq bizdə qürur hissi doğurur”.

Bunu özəl olaraq Trend-ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AGF-nin baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ilə bağlı açıqlamasında deyib.

A.Rəhimov bildirib ki, Fərid Qayıbovun bu vəzifəyə seçilməsi təsadüfi deyil: “Azərbaycan Gimnastika Federasiyası Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib. Ölkəmizdə gimnastikanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, gimnastlarımız istər Avropa çempionatı, istər dünya çempionatları, istərsə də Olimpiya Oyunlarında yüksək nəticələr əldə ediblər”.
 
A.Rəhimov vurğulayıb ki, Azərbaycan həmçinin gimnastika üzrə bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi edib:
“Bunlara misal olaraq Bakıda keçirilən batut gimnastikası üzrə FIG Dünya Kubokunu, Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalını, Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunu, Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokunu, Bədii Gimnastika üzrə FIG Dünya Kubokunu və digər çoxsaylı yarışları misal göstərmək olar”.
Nazir vurğulayıb ki, bütün bu işlər həm beynəlxalq gimnastika aləmində Azərbaycanın adını yüksəldib, həm də Azərbaycana böyük etimadın yaranmasına gətirib çıxarıb: “Bunun nəticəsidir ki, Fərid Qayıbov bu cür yüksək vəzifəyə - Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilib. Əminəm ki, bu seçimin nəticəsində həm Azərbaycanda gimnastika daha da inkişaf edəcək, həm də Azərbaycan dünya gimnastikasının inkişafına öz töhfəsini verəcək. Biz çox sevinirik və Fərid Qayıbovu təbrik edirik”.